×
A
A
A
Sazlamalar

Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun tikintisi gələn il yekunlaşacaq

Bakı, 15 mart, AZƏRTAC
Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməli bu il qoyulacaq və müəssisənin tikintisi 2020-ci ilin sonunadək başa çatacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.
Diqqətə çatdırılıb ki, ilkin mərhələdə zavodda həm Avropa, həm də Asiya ölkələrinə məxsus ildə 500 avtobusun istehsalı nəzərdə tutulub. 5 hektar ərazidə fəaliyyət göstərəcək müəssisədə 100 nəfər işlə təmin ediləcək. Layihənin dəyəri 11 milyon manatdır. Bununla yanaşı, Neftçala Sənaye Məhəlləsində avtomobillərin ehtiyat hissələri də istehsal ediləcək. Bu layihənin dəyəri isə 7 milyon manatdır və 70-ə yaxın insanın işlə təmin olunmasına imkan verəcək. "Azərmaş"ın avtobus zavodunda payı 25 faiz, ehtiyat hissələri layihəsində payı isə 50 faiz olacaq.
"Azərbaycanda istehsal olunacaq avtobuslar həm maye qaz, həm də dizel yanacağı ilə işləyəcək. Bunlar kiçik və böyük tutumlu avtobuslar olacaq. Onların ölkə daxilində istifadə olunması ilə bağlı aidiyyətı qurumlarla danışıqlar aparılır. Avtobusların qiyməti yerli istehsal olduğu üçün ucuz olacaq və əsasən qonşu ölkələrə ixracı nəzərdə tutulur", - deyə E.Axundov qeyd edib.

Nəqliyyat 2019-03-15 13:57:00