×
A
A
A
Sazlamalar

Azərbaycan diplomatiyasının 100 illik yubileyi Pakistanda qeyd olunub

İslamabad, 15 mart, AZƏRTAC

Azərbaycan diplomatiyasının 100 illiyi ilə bağlı ölkəmizin Pakistandakı səfirliyində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Pakistanda fəaliyyət göstərən xarici ölkələrin səfirlərinin xanımları, ictimai sahədə fəal iştirak edən, eləcə də bu ölkədə yaşayan Azərbaycan əsilli xanımlar iştirak ediblər.
Tədbirdə Azərbaycan diplomatiyasının keçdiyi şərəfli yoldan bəhs olunub. Qeyd edilib ki, 1919-cu ildə Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan parlamenti nümayəndə heyəti Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınmasına nail olmaq məqsədilə Parisə səfər edib. Azərbaycanın müstəqilliyinin tanınması ilə başlayan diplomatiyamızın ilk uğuru nəticəsində Azərbaycan missiyası Paris Sülh Konfransının Ali Şurasına dəvət alıb. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin qısa zaman ərzində fəaliyyət göstərməsinə və bir çox çətinliklərlə üzləşməsinə baxmayaraq, diplomatiyamızın səmərəli fəaliyyəti nəticəsində bir çox uğurlar əldə olunub. Azərbaycanın uğurları müstəqilliyin bərpasından sonra da ulu öndər Heydər Əliyevin müdrik siyasəti və zəngin təcrübəsi sayəsində davam edib.
Bildirilib ki, hazırda Azərbaycan rəhbərliyinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz bütün sahələrdə davamlı və dinamik inkişaf edir, xarici siyasət sahəsində bir çox diplomatik nailiyyətlərə imza ataraq dünyanın sayılıb-seçilən dövlətləri sırasına öz adını həkk edib.
Çıxışlardan sonra ölkəmizdən dəvət olunmuş sənətçilər, Azərbaycanın Əməkdar artistləri, müğənni Nigar Şabanova və rəqqasə Nigar Şahmuradova, eləcə də Azərbaycan Dövlət Filarmoniyasının əməkdaşı, rəqqasə Aydan Kamilova Azərbaycan milli geyimlərində xalq və bəstəkar mahnılarını və rəqslərimizi ifa ediblər.
Azərbaycanın milli rəqslərinə və Azərbaycanın yallısına qonaqların da qatılması tədbirə xüsusi gözəllik verib.
Tədbirdə, həmçinin Azərbaycanın milli mətbəxinə aid yeməklər, o cümlədən düşbərə, kükü, yarpaq dolması, qutab, paxlava və digər milli təamlar iştirakçılara təqdim olunub.


Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

Siyasət 2019-03-15 12:54:00