×
A
A
A
Sazlamalar

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Bakı, 15 mart, AZƏRRAC

Martın 15-də Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin ümumi yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Gözdən Əlillər Cəmiyyətinin vitse-prezidenti Reyhan Cəfərova hesabat məruzəsi ilə çıxış edib.
Məruzədə qeyd olunub ki, ölkəmizdə inşa edilən və Qafqazda analoqu olmayan Reabilitasiya Mərkəzi gözdən əlil vətəndaşların istifadəsinə verilib. Son illər 1 nömrəli Bakı Baza Tibb Kollecinin idman və müalicəvi masaj fakültəsini bitirmiş görmə imkanları məhdud 18 gənc dövlət səhiyyə müəssisələrində, 10 nəfər yetkinlik yaşına çatmamış görmə imkanları məhdud uşaqlar üçün bərpa mərkəzində, 3 nəfər isə digər müəssisələrdə işlə təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi görmə imkanları məhdud olanlar üçün bir sıra layihələr həyata keçirib. Dünən nazirliyin “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə imzaladığı Anlaşma Memorandumu da belə layihələrdən biridir.
Bundan başqa, görmə qabiliyyəti məhdud olan 3 müəllim pedaqoji müəssisələrdə əmək fəaliyyətinə başlayıb. Hesabat dövründə gözdən əlil vətəndaşlar üçün həyata keçirilən sosial və mədəni tədbirlər, onların iştirakı ilə açılan sərgilər də xatırlanıb.
Hesabat məruzəsində “Dolu” bədii filminin tiflo və surdo şərhi hazırlanaraq Nizami Kino Mərkəzində nümayiş olunub və film disk variantında görmə və eşitmə imkanları məhdud uşaq və gənclərə paylanıldığı, həmçinin tərbiyəvi təsirə malik “Danışan məktub” filminin tiflo və surdo şərhi hazırlandığı, yaxın vaxtlarda təqdimat mərasimi keçiriləcəyi də öz əksini tapıb.
Hesabat yığıncağında gözdən əlillərin mənzil-məişət, işlə təminat və digər sosial məsələlərlə əlaqədar qayğıları barədə də söhbət gedib.
Yığıncaqda cəmiyyətin ayrı-ayrı təşkilatlarının nümayəndələri çıxış edərək bu təbəqədən olan həssas qrupların təklif və rəylərini çatdırıbllar.

Sosial 2019-03-15 11:58:00