×
A
A
A
Sazlamalar

Ordubad rayonunun arxeoloji abidələrinə həsr edilən tədqiqat əsəri çapdan çıxıb

Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Naxçıvan ərazisində aparılan yerli və beynəlxalq (Azərbaycan-Fransa, Azərbaycan-ABŞ) arxeoloji ekspedisyaların iştirakçısı, tarix üzrə fəlsəfə doktoru Elvin Əliyevin “Ordubad rayonunun tunc və ilk dəmir dövrü arxeoloji abidələri” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, monoqrafiyada rayon ərazisində istər stasionar qazıntıların, istərsə də kəşfiyyat xarakterli axtarışların aparıldığı və qeydə alındığı bütün abidələr və bu abidələrdən əldə edilmiş arxeoloji materiallar hərtərəfli şəkildə nəzərdən keçirilir və təhlil edilir. Ordubad ərazisindəki tunc və ilk dəmir dövrünə aid yaşayış yerləri, qəbir abidələri, qayaüstü təsvirlər, arxeoloji abidələrdə aşkarlanan maddi mədəniyyət nümunələri tədqiqata cəlb edilib, qruplaşmalar, analogiyalar və müqayisələr aparılıb, onların mənşəyi, xronoloji dövrləşməsi kimi mühüm problem mövzular araşdırılıb.
Əsər üç fəsildən ibarətdir. Birinci fəsil Ordubad rayonunun arxeoloji tədqiqat tarixi barədədir. İkinci fəsildə rayonun tunc və ilk dəmir dövrü arxeoloji abidələri - yaşayış yerləri, qəbir abidələri və qayaüstü təsvirlər barədə geniş məlumat əksini tapıb. Əsərin üçüncü fəslində isə tapılan arxeoloji materialların - əmək alətləri, saxsı məmulatlar, silahlar və bəzək əşyalarının aparılmış təsnifatı verilib.
Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi şurasının qərarı ilə çapa məsləhət bilinən monoqrafiyanın elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov, elmi rəyçiləri isə AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlidir.
Əsər tunc və ilk dəmir dövrü üzrə ixtisaslaşan arxeoloqlar, tarixçilər, həmçinin geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Elm və təhsil 2019-03-15 11:54:00