×
A
A
A
Sazlamalar

Albaniya Prezidentinə Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru adı verilib

Bakı, 15 mart, AZƏRTAC

Albaniya Respublikasının Prezidenti İlir Meta Azərbaycana səfəri çərçivəsində martın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) olub.
AZƏRTAC xəbər verir ki, görüşdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov Albaniya Respublikasının Prezidentini akademiyanın kollektivi adından salamlayıb, iki ölkə arasında əməkdaşlıq münasibətlərinə, elm və təhsilin inkişafına, Albaniya üçün kadr hazırlığı prosesinə layiqli töhfələr vermiş ali qonağın Dövlət İdarəçilik Akademiyasına gəlişini önəmli hadisə kimi dəyərləndirib. Elm və demokratiyanın inkişafına layiqli töhfələr vermiş Albaniya Prezidentinin Azərbaycana VII Qlobal Bakı Forumunda iştirak etmək üçün gəldiyini diqqətə çatdıran rektor Urxan Ələkbərov rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında qonağa ətraflı məlumat verib.
Rektor qeyd edib ki, iki ölkə arasında münasibətlər tərəfdaşlığa, ikitərəfli və çoxtərəfli səviyyədə siyasi dialoqa, elmi, iqtisadi, mədəni əməkdaşlığa əsaslanır. Dövlət İdarəçilik Akademiyasının elmi şurası Azərbaycan və Albaniya arasında elm və təhsil sahəsində əlaqələrin inkişafındakı xidmətlərinə görə Prezident İlir Metaya DİA-nın fəxri doktoru adının verilməsi barədə qərar qəbul edib.
Daha sonra DİA-nın humanitar və sosial məsələlər üzrə prorektoru Mehdi Abdullayev iki dövlət arasında ənənəvi dostluq münasibətlərinin qorunmasında, elm və təhsil sahəsində əməkdaşlığın möhkəmlənməsində xidmətlərinə görə Albaniya Respublikası Prezidenti İlir Metaya akademiyanın fəxri doktoru adı verilməsi barədə elmi şuranın qərarını oxuyub.
Ali qonağa DİA-nın fəxri doktoru diplomu, xatirə plaketi, mantiya və hədiyyə olaraq milli ornamentli xalça təqdim edilib.
Albaniya dövlətinin başçısı çıxış edərək DİA-nın fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu bildirib, bu ali təhsil müəssisəsinin kollektivinə uğurlar arzulayıb. O, Azərbaycanın sürətli və davamlı inkişaf yolunda olduğunu, enerji resurslarının səmərəli idarəedilməsinin effektivliyini, ölkəmizin beynəlxalq arenada artan nüfuzunu və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığını xüsusi vurğulayıb.
Albaniya Prezidenti gənclərə tövsiyələrini verib, onların suallarını cavablandırıb.

Elm və təhsil 2019-03-15 11:33:00