×
A
A
A
Sazlamalar

Qida təhlükəsizliyi sahəsində aşkarlanan qanun pozuntuları ilə bağlı 12 cinayət işi üzrə istintaq aparılıb

Bakı, 15 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi yönündə reallaşdırılmış ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsi olaraq son illər qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində mühüm nailiyyətlər əldə olunub, nəzarət sisteminin müasir tələblərə uyğunlaşdırılması üçün əlverişli hüquqi baza yaradılıb.
Görülmüş tədbirlərin davamı kimi dövlətimizin başçısının “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 10 fevral tarixli Fərmanına əsasən, Qida Təhlükəsizliyi Agentliyinin yaradılması digər sahələr kimi bu sektorda da dövlət idarəçiliyinin təkmilləşdirilməsinə əlverişli zəmin yaratmaqla əhalinin sağlamlığının qorunması ilə bağlı insan və vətəndaş hüquqlarına dövlət təminatının etibarlılığını daha da gücləndirib. Agentliyin fəaliyyətinin səmərəliliyinin daha da artırılması məqsədilə digər dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması çərçivəsində ötən il Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Qida Təhlükəsizliyi Agentliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, həmin sənədin icrası ilə əlaqədar hər iki qurum tərəfindən ictimai iaşə xidmətləri göstərən ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən qida təhlükəsizliyi qaydalarının pozulması hallarına qarşı qabaqlayıcı və cinayət təqibi tədbirləri görülüb.
Bu sahədə Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində aşkar edilmiş qanun pozuntuları ilə bağlı Baş İdarə tərəfindən 12 cinayət işi başlanaraq istintaq aparılıb. Həmçinin 9 cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq 16 şəxs məhkəmə məsuliyyətinə verilib. Hazırda 3 cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Birgə görülmüş işlərə misal olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhərində, Abşeron, Ağcabədi və Bərdə rayonlarında fəaliyyət göstərən ət pavilyonu və kəsim sahələrində insan sağlamlığı üçün təhlükə təşkil edən yararsız heyvan cəmdəklərinin aşkarlanması nəticəsində 8 şəxs barəsində cinayət işi başlanaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz hallar tam və hərtərəfli araşdırılmaqla keyfiyyətsiz ətlərin kütləvi satışı məqsədi güdən digər ictimai iaşə xidmətləri subyektlərinin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşlarına və sahibkarlara müraciət edərək Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “qaynar xətt” əlaqə mərkəzinə, 361-11-76, 361-11-48 nömrəli telefonlar və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı “qaynar xətt” əlaqə mərkəzinə və 377-00-77 nömrəli telefonlar vasitəsilə məlumat vermələrini xahiş edir.
Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcək.

Sosial 2019-03-15 11:25:00