×
A
A
A
Sazlamalar

Fikrət Sideyifzadə: Bu çempionatda uğurla çıxış edə bilmədik

Astana, 15 mart, АZƏRTAC

İki ildən bir keçirilən şahmat üzrə dünya çempionatı bu dəfə Astanada keçirilir və hər bir yarışda dünyanın 10 seçmə komandası iştirak edir.
Azərbaycanın kişilərdən ibarət yığma komandasının baş məşqçisi Fikrət Sideyifzadə AZƏRTAC-a müsahibəsində bildirib ki, bu dəfə Azərbaycan bu çempionata kişilərdən ibarət milli yığma komandası ilə qatılıb. Qeyd edib ki, komandanın iki əsas oyunçusu Şəhriyar Məmmədyarovla, Teymur Rəcəbovun bu yarışda iştirak edə bilməməsi səbəbindən komandanın tərkibi bir az zəifləmiş sayılır.
“İki şahmatçımız Rauf Məmmədov və Eltac Səfərli bu turniri çox uğursuz başladılar. Onların altı oyundan sıfır xalları var. Belə nəticə ilə əlbəttə ki, yer tutmaq çətindir. Son dörd turda komandamız güclü Amerika komandasına qalib gəldi. Bu son oyunda Misir komandasına qalib gəldik. Bu yarışlarda uğurlu çıxış edə bilmədik. Bizim komandamız son illərdə üç dəfə Avropa çempionu olub, olimpiadalarda 2-5, 5-7-ci yerləri qazanıb. Ümid edirik ki, gələcək şahmat turnirlərdə kişilərdən ibarət yığma komandamız dünyada ən yaxşı komandalardan biri olduğunu sübut edə biləcəklər”, - deyə Fikrət Sideyifzadə söyləyib.
Qeyd edək ki, milli komandamız bu dünya çempionatı ərzində Çin, İngiltərə, Qazaxıstan, İsveç, ABŞ, Rusiya, Hindistan, İran və Misir milli komandaları ilə görüşüb.
Dünya çempionatına Azərbaycan millisinin heyətində Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov qatılıblar.

 

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

İdman 2019-03-15 02:50:00