×
A
A
A
Sazlamalar

Bu gün Topaz Premyer Liqasının 21-ci turuna start veriləcək

Bakı, 15 mart, Nicat Məmmədov, AZƏRTAC
Bu gün futbol üzrə Topaz Premyer Liqasının 21-ci turuna start veriləcək.
AZƏRTAC xəbər verir ki, turun bütün oyunları bir gündə amma fərqli vaxtlarda təşkil olunacaq.
Turun saat 16:00-da başlayacaq birinci görüşündə debütant “Sabah” və autsayder “Sumqayıt” komandaları üz-üzə gələcəklər. Qarşılaşmanı Orxan Məmmədov idarə edəcək.
Turun növbəti görüşü Zirə Olimpiya İdman Kompleksinin stadionunda oynanılacaq. Meydan sahibi “Zirə” klubu “Keşlə” komandasını qəbul edəcək. Rəvan Həmzəzadənin idarə etdiyi görüş saat 16:00-da başlayacaq.
Üçüncü görüşdə son çempion “Qarabağ” səfərdə “Səbail” komandası ilə münasibətlərə aydınlıq gətirəcək. Saat 16:45-də başlayacaq görüşü Əliyar Ağayev idarə edəcək.
Turun sonuncu görüşü 19:00-da “Bakcell Arena”da keçiriləcək. Turnir cədvəlin hazırkı lideri “Neftçi” klubu “Qəbələ” komandasını qəbul edəcək. Oyununda baş hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək.
Bütün görüşlər “CBC Sport” televiziyası ilə birbaşa yayımlanacaq.
İyirmi turdan sonra turnir cədvəlinə 44 xalla “Neftçi” klubu başçılıq edir. Aktivində 42 xalı olan “Qarabağ” ikinci, “Səbail” isə 31 xalla üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq, “Qəbələ” (28), “Sabah” (21), “Keşlə” (19), “Zirə” (19) və “Sumqayıt” (16) yer alıblar.

İdman 2019-03-15 07:21:00