×
A
A
A
Sazlamalar

Sağlam gələcək naminə

Bakı, 14 mart, AZƏRTAC 

Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Şıxarx kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə” mövzularında növbəti maarifləndirmə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən, gələcəyimizin qurucularına göstərilən diqqət və qayğıdan danışaraq, onların milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda inkişafı, hərtərəfli hazırlığı, yüksək təhsilli, sağlam, geniş dünyagörüşünə malik, vətənpərvər insan kimi yetişmələri üçün yaradılan şəraitdən danışıb, tədbir iştirakçılarına hərbi-vətənpərvərlik ruhunda, xalqımızın qəhrəmanlıq ənənələrini yaşatmağı tövsiyə edib.
Rayon polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov müasir dövrdə cəmiyyətin ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün törətdiyi təhlükələrdən, eləcə də narkotik vasitələrdən yaranan asılılığın dəhşətlərindən, istər insan şəxsiyyətinə, istərsə də bu qəbildən olan şəxslərin öz ailələrinə, cəmiyyətə vurduğu zərərlərdən danışaraq, ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb. Daha sonra erkən nikahın fəsadlarından və dini radikalizmin doğurduğu cinayətlərdən, yaratdığı problemlərdən söz açılıb. Dini radikalizm mövzusuna toxunan E.Qasımov ölkəmizdə yaşayan hər bir vətəndaşın inancına hörmətlə yanaşıldığını vurğulayıb, bu azadlıqdan sui-istifadə etmək istəyən, din pərdəsi altında müxtəlif çirkin əməllərlə məşğul olmağa, cəhaləti və xurafatı təbliğ etməyə cəhd edənlərin də olduğu barədə məktəbliləri xəbərdar edib. O şagirdlərə zərərli fikirlərindən uzaq olmağa, işıqlı fikirlərlə yaşayıb, təhsildə, idmanda yüksək nəticələr əldə etməyi, layiqli vətəndaş kimi yaşamağı tövsiyə edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Sosial 2019-03-14 22:13:00