×
A
A
A
Sazlamalar

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 12-ci ildönümü münasibətilə regional miqrasiya idarələrinin əməkdaşları təltif ediliblər

Bakı, 14 mart, AZƏRTAC 

Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasının 12-ci ildönümü ərəfəsində silsilə tədbirlər davam etdirilir.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, növbəti tədbir Xidmət rəisinin birinci müavini Vəli Nağıyevin və qurumun rəis müavini Elman Əliyevin iştirakı ilə DMX-nin Ağsu Regional Miqrasiya İdarəsində təşkil olunub.
Dövlət Miqrasiya Xidmətinin 7 – Xaçmaz, Ağsu, Şirvan, Yevlax, Gəncə, Şəki, Lənkəran Regional Miqrasiya İdarələrinin, o cümlədən Yevlax Şəhər Qanunsuz Miqrantların saxlanması mərkəzi rəhbərlərinin və əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə çıxış edən Vəli Nağıyev DMX-nin yaradılmasının 12-ci ildönümü, miqrasiya orqanları işçilərinin peşə bayramı və uzun əsrlərdən bəri milli birlik, mehribanlıq, qardaşlıq rəmzi kimi xalqımız tərəfindən böyük məhəbbətlə qarşılanan Novruz bayramı münasibətilə əməkdaşları təbrik edib, onlara uğurlar arzulayıb.
Xidmət rəisinin birinci müavini DMX-nin 12 il ərzində keçdiyi inkişaf yoluna nəzər salıb, qazanılan nailiyyətləri diqqətə çatdırıb. Bildirib ki, ötən müddət Xidmətin kollektivi üçün əlamətdar olub. Prezident İlham Əliyevin 2007-ci il 19 mart tarixli Fərmanı ilə Dövlət Miqrasiya Xidməti yaradıldıqdan sonra ölkəmizdə mükəmməl miqrasiya qanunvericiliyi qəbul edilib və təkmilləşdirilib, miqrasiya sahəsində müasir informasiya texnologiyalarına əsaslanan idarəetmə sistemi yaradılıb, xidmətin keyfiyyəti yüksəldilib, vətəndaş məmnunluğunun artırılması istiqamətində kompleks tədbirlər görülüb.
V.Nağıyev vurğulayıb ki, Dövlət Miqrasiya Xidməti 12 il ərzində qarşıda duran vəzifələri uğurla icra edib. O, bundan sonra da Xidmət əməkdaşlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə, respublikada miqrasiya proseslərinin idarə olunması sahəsində qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərəcəklərinə əminliyini bildirib.
Sonra Dövlət Miqrasiya Xidmətinin yaranmasının 12-ci ildönümü münasibətilə Xidmət rəisi Vüsal Hüseynovun imzaladığı əmrlər elan olunub. Əmrə əsasən davranışlarına və xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanaşdıqlarına görə bir sıra əməkdaşlar mükafatlandırılıblar.
Xidmətdə fərqlənmiş 11 əməkdaş fəxri fərman, 3 əməkdaş “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” 3-cü dərəcəli Azərbaycan Respublikası medalı ilə təltif olunub. Beş əməkdaşa vaxtından əvvəl xüsusi rütbələr verilib. 10 əməkdaşa isə təşəkkür elan edilib.

Sosial 2019-03-14 21:15:00