×
A
A
A
Sazlamalar

Sahibkar və menecerlər Almaniyada təcrübə keçəcəklər

Bakı, 14 mart, AZƏRTAC
"Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində iyunun 11-dən iyulun 6-dək 19 sahibkar və menecerdən ibarət qrup Almaniyanın Heydelberq şəhərində yerləşən "AHP-International" Tədris Mərkəzində təlim və istehsalat təcrübəsi keçəcək.
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, martın 13-14-də Almaniyada təlim və istehsal müəssisələrində təcrübə keçəcək sahibkar və menecerlər üçün seminar təşkil olunub. İkigünlük seminarda sahibkar və menecerlər beynəlxalq iqtisadi kooperasiya, Almaniya müəssisələri ilə işgüzar danışıqların aparılması və əməkdaşlığın qurulması və s. barədə ətraflı məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında Anlaşma Memorandumuna uyğun olaraq, "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində 25 mart - 19 aprel tarixlərində Almaniyada təlim və istehsalat təcrübəsi keçəcək 18 sahibkar və menecer üçün də seminar təşkil olunub.

Biznes 2019-03-14 19:33:00