×
A
A
A
Sazlamalar

Azərbaycan dilinə tərcümə edilmiş “Şirvanşahlar yurdu” kitabının təqdimatı olub

Bakı, 14 mart, AZƏRTAC
Martın 14-də Azərbaycanın mühacir alimlərindən Cahangir Zeynaloğlunun Azərbaycan dilinə tərcümə edilmiş “Şirvanşahlar yurdu” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, kitab əslinə uyğun formada dizayn edilərək “Elm və təhsil” nəşriyyatında nəşr olunub. Kitabın tərcüməçisi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Şəhla Xəlilli, redaktoru isə tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir.
Təqdimat mərasimində F.Xəlilli bildirib ki, kitab ilk dəfə 1931-ci ildə İstanbulda nəşr olunub. O dövrdə kitab Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə təqdim olunub və onun təqdirini qazanıb. Kitab vaxtilə Albaniya, Arran və Şirvan deyə anılan “Qafqaz Azərbaycanı”nın tarixindən bəhs edir.
F.Xəlilli qeyd edib ki, “Şirvanşahlar yurdu” əsəri Azərbaycan tarixi ilə əlaqədar fundamental akademik nəşrlərin olmadığı bir dövrdə yazılıb. Əsərin müəllifi Cahangir Zeynaloğlu yerindən-yurdundan didərgin düşən, tarixə, ədəbiyyata bağlı olan ziyalıdır. O, bu əsərin yazılmasında mənbə xarakterli kitab və məqalələrdən istifadə edib.
Müəllifin nəvəsi, kitaba “Ön söz” yazan Səlcuk Akat çıxışında bildirib: “Babam Azərbaycanın istiqlal sevdalısı olub. Mənim uşaqlığım və gəncliyim babam haqqında hekayələri dinləməklə keçib. Mən onun Vətən sevgisinə həmişə heyran olmuşam”.
S.Akat Azərbaycan tarixi haqqında ilk monoqrafiyalardan hesab olunan “Şirvanşahlar yurdu”nun oxucuların marağına səbəb olacağına və yayılacağına inandığını deyib.
Tədbirdə AMEA-nın müxbir üzvü Vəli Əliyev, professor Kübra Əliyeva, professor Cümşid Nuriyev, professor Şikar Qasımov, dosent Əhməd Niyazov və jurnalist Dilqəm Əhməd çıxış edərək kitabın Azərbaycan tarixinin Şirvanşahlar dövrünü araşdıranlar və bu dövrlə maraqlananlar üçün etibarlı mənbə olduğunu vurğulayıblar.

 

Elm və təhsil 2019-03-14 17:39:00