×
A
A
A
Sazlamalar

Mərkəzi Elmi Kitabxana media qurumlarına elektron arxivlərin etibarlı mühafizəsini təklif edir

Bakı, 14 fevral, AZƏRTAC
Martın 14-də AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) “Əməkdaşlıq müqavilələri çərçivəsində MEK-də formalaşdırılmış kolleksiyalar” adlı tədbir keçirib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, kitabxana-xidmət şöbəsinin kataloqlaşdırma və sistemləşdirmə bölməsinin əməkdaşı Aygün Əliyeva kolleksiyalar haqqında slayd vasitəsilə təqdimatla çıxış edib. O, Ombudsman Aparatı, Bakı Dövlət Universitetinin (BDU) elmi kitabxanası və jurnalistika fakültəsi, Azərbaycan Mətbuat Şurası, Türkiyənin İldırım Bəyazid Universiteti Kitabxanası, Misir Milli Kitabxanası və arxivləri ilə imzalanmış müqavilələr haqqında ətraflı məlumat verib. Bildirilib ki, müqavilələrdə əks olunan bəndlərə uyğun olaraq kitablar və digər qiymətli sənədlər MEK-in elektron kataloquna daxil edilib.
A.Əliyeva MEK-in media ilə əməkdaşlığından söz açıb, Azərbaycanın bir sıra aparıcı mətbu orqanlarının nüsxələrinin elektron formatda kitabxananın Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edildiyini deyib. Vurğulanıb ki, təqdim edilən nüsxələr mövcud qaydalara əsasən işlənərək MRY bazasına daxil edilib. Təqdimatçı MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş haqqında da iştirakçıları məlumatlandırıb. Bildirib ki, Azərbaycana aid informasiyanı idarə olunan və əlaqələndirilə bilən strateji resursa çevirmək, informasiya müharibəsində üstünlük qazandıra bilən təsirli silah formalaşdırmaq məqsədilə reallaşdırılan MRY bazası artıq elmiləşib. A.Əliyeva imzalanmış müqavilələr çərçivəsində müxtəlif yerli və xarici qurumlara MEK tərəfindən Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən sənədlərin təqdim edilməsini, birgə sərgilərin təşkilini, beynəlxalq elektron bazalara çıxışın əldə edilməsini vurğulayıb.
Ombudsman Aparatının İnsan Hüquqları Kitabxanasının əməkdaşı Azadə Novruzova milli irsimizə, mədəni dəyərlərimizə göstərdiyi diqqətə görə MEK-ə təşəkkür edib. MEK və Ombudsman Aparatının ötən ay reallaşdırdığı “Açıq kitabxana” layihəsindən söz açıb. O, Ombudsman Aparatının bu əməkdaşlıqda hər zaman maraqlı olduğunu bildirib.
BDU-nun jurnalistika fakültəsinin jurnalistika elmi-tədqiqat laboratoriyasının əməkdaşı Samir Xalidoğlu MEK-in tədbirlərini, fəaliyyətini daim mediadan və sosial şəbəkələrdən izlədiyini, təqdir etdiyini bildirib. Qeyd edib ki, kitabların yazılması ilə yanaşı, onu geniş auditoriyaya təqdim etmək, rəqəmsallaşdırmaq da böyük əhəmiyyət daşıyır. S.Xalidoğlu məhz bu baxımdan MEK ilə BDU-nun jurnalistika fakültəsinin əməkdaşlığını yüksək qiymətləndirib.
Sonda MEK-in kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova kitabxana ilə memorandum imzalayan bütün təşkilatlara təşəkkür edib, aparıcı media qurumlarına elektron arxivlərinin etibarlı mühafizəsi üçün MEK-ə təqdim edilməsi ilə bağlı müraciət edib, daxil olan sənədlərin ciddi şəkildə sistemləşdirilməsi, ictimailəşdirilməsi barədə məlumat verib, bu çalışmaların müsbət nəticələr doğurduğunu söyləyib.

Elm və təhsil 2019-03-14 17:35:00