×
A
A
A
Sazlamalar

Respublika Veteranları Təşkilatında gənclərlə bağlı tədbir keçirilib

Bakı, 14 mart, AZƏRTAC

Martın 14-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında veteranların, ziyalıların, gənclər təşkilatının, məktəblərin müəllimlərinin, şagirdlərin iştirakı ilə “Gənclər bizim bu günümüz, həm də sabahımızdır” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov tədbirdə çıxış edərək gənclərin vətənpərvər ruhda yetişməsi üçün ziyalıların, ağsaqqalların və veteranların bugünkü fəaliyyətini yüksək qiymətləndirib. C.Xəlilov Azərbaycan gənclərinin dünyada layiqli yer tutmasını uğurlu və uzaqgörən dövlət siyasətinin nəticəsi olduğunu bildirib. O, gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Gəncləri Gününün təsis edilməsinin bu sahədə mühüm mərhələnin başlanğıcı olduğunu vurğulayıb. Qeyd edilib ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev daim gənclərə yüksək etimad göstərir, onların hərtərəfli inkişafına xüsusi diqqət yetirir.
Gənclərin elmə, təhsilə yiyələnmələrinin vacibliyini qeyd edən C.Xəlilov deyib: “Azərbaycan gəncləri vətənpərvərdirlər, Vətən, xalq üçün canlarından keçməyə hazırdırlar. Gənclərimiz bunu Aprel döyüşlərində və Naxçıvan əməliyyatında sübut etdilər. Bu qələbələr Azərbaycanın gücünü, peşəkarlığını düşmənə və bütün dünyaya göstərdi. Biz bu əməliyyat nəticəsində uzun illər işğal altında qalan torpaqlarımızın bir hissəsini azad etdik. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bu, böyük tarixi qələbədir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycan gənclərinin müharibə veteranları ilə görüşünə, belə tədbirlərin keçirilməsinə böyük ehtiyac olduğunu vurğulayıb. O, gənclərimizi canlı tarix olan veteranlarımızdan örnək götürməyə çağırıb. Bildirib ki, veteranlarımız vətənimizi göz bəbəyi kimi qoruyub, müstəqilliyimiz üçün çalışıblar. Onların davamçıları olan və Prezident İlham Əliyevin ətrafında sıx birləşən gənclərin də amalı Vətənin tarixini, mədəniyyətini yaşatmaq, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qorumaqdır. Ölkəmizdə gənclərimizin arasında Mübariz İbrahimov, Fərid Əhmədov və Raquf Orucov kimi vətənpərvər döyüşçülər yetişir. Çünki bizim gənclərimizdə vətənpərvərlik ruhu var. Aprel döyüşləri zamanı minlərlə gəncin könüllü olaraq döyüşlərə qatılmaq istəməsi bunun əsas göstəricisi idi. Aprel döyüşlərində əsgərlərimizin göstərdiyi şücaət nəticəsində düşmənlərimizə sübut etdik ki, Azərbaycanın güclü ordusu və Vətənini sevən gəncləri var. Bu gün iftixarla deyə bilərik ki, gənclərimiz ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasına sadiqdirlər, veteranların təcrübəsindən bəhrələnir, elm və təhsilə yiyələnir və hər bir sahədə Azərbaycanın bayrağını dalğalandırırlar.
Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Azərbaycan xalqının tolerantlıq ənənələrindən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən və mənfur erməni xislətinin xalqımızın başına gətirdiyi fəlakətlərdən söhbət açıb. O, xalqımızın etibarlı gələcəyinin təmin edilməsində gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
İkinci Dünya müharibəsi veteranı İsmayıl Fərəcov, ehtiyatda olan polkovniklər Adil Haqverdiyev və Elşad Şabanov respublikada həyata keçirilən gənclər siyasətindən, gənc nəslin ölkə həyatındakı yeri və rolundan, vətənpərvər gəncliyin üzərinə düşən vəzifələrdən danışıblar. Çıxışlarda Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində torpaqlarımızın tezliklə işğaldan azad olunacağına əminliklərini ifadə edilib.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb, gənclərin sualları cavablandırılıb.

Sosial 2019-03-14 17:11:00