×
A
A
A
Sazlamalar

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu “Elm günü” ilə bağlı sabahdan seminarlara başlayır

Bakı, 14 mart, AZƏRTAC 

Sabahdan AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Elm günü” ilə bağlı silsilə seminarlar keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, martın 15-də keçiriləcək ilk seminarda dosent Şahniyar Bayramov “Zülalların deqradasiyasının ubikivitin-proteasom yolu”, institutun kiçik elmi işçisi Gülnar Abdullayeva isə “DNT polimeraza fermentləri, genomun qeyri stabilliyi və kanser” mövzularında məruzələrlə çıxış edəcəklər.
Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında” 2018-ci il aprelin 9-da Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il martın 27-si Azərbaycanda “Elm günü” kimi qeyd ediləcək. 2019-cu ildə ölkədə ilk dəfə olaraq “Elm günü”nün yüksək səviyyədə keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası tədbirlər planı qəbul edib. Tədbirlər planına əsasən, əlamətdar günlə bağlı AMEA-nın elmi müəssisə və təşkilatlarında, o cümlədən Lənkəran və Şəki regional elmi mərkəzlərində silsilə tədbirlər həyata keçirilir. Müasir dövrün aktual elmi problemlərinə həsr edilmiş konfrans, seminar və mühazirələr, dəyirmi masa, “açıq qapı” günləri, sərgilər, o cümlədən tələbə və şagirdlərin alimlərlə görüşləri təşkil olunur.

Elm və təhsil 2019-03-14 16:46:00