×
A
A
A
Sazlamalar

Rosen Plevneliyev: Qlobal Bakı Forumunun əhəmiyyəti ildən-ilə daha da artır VİDEO

Bakı, 14 mart, AZƏRTAC

Yeddinci Qlobal Bakı Forumunda iştirak etməkdən çox məmnunam. Sürətlə inkişaf edən Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi, dostluq şəraitində və səmimi mühitdə keçən Foruma xeyli sayda iştirakçının qatılması çox sevindiricidir. Eyni zamanda, bu Forumda həm hazırkı, həm də sabiq dövlət başçılarının iştirakı onun əhəmiyyətini daha da artırır. Bu səbəbdən iştirakçıların sayı ildən-ilə artmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri VII Qlobal Bakı Forumunda iştirak edən Bolqarıstanın keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Rosen Plevneliyev deyib.
Dünyadakı hazırkı siyasi vəziyyəti şərh edən Bolqarıstanın keçmiş Prezidenti bu baxımdan Forumun əhəmiyyətinə toxunub. “Dünyada münaqişələrin, terror aktlarının və digər problemlərin artdığı bir dövrdə yeni bir siyasətə ehtiyacın olduğunu görürük. Bu siyasət, fikrimcə, ikitərəfli müstəvidə deyil, məhz hərtərəfli əməkdaşlıq və dostluq mühitində əlaqələrin qurulmasına, problemlərin həlli yollarının bu müstəvidə axtarılmasına əsaslanmalıdır. Bu baxımdan, bu Forumun əhəmiyyəti çox yüksəkdir. Çox şadam ki, biz Forumda bir araya gələrək dünyanı narahat edən ən aktual problemləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırıq”, - deyə Rosen Plevneliyev qeyd edib.

Siyasət 2019-03-14 16:43:00

Video