×
A
A
A
Sazlamalar

Şamaxı Astrofizika Rəsədxanasında “Elm günü”nə həsr olunan tədbir keçiriləcək

Bakı, 14 mart, AZƏRTAC

Martın 15-də AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Elm günü”nə həsr olunan növbəti tədbir keçiriləcək.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, bu müəssisənin əməkdaşları ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının müəllim və tələbələrinin də iştirak edəcəkləri tədbirdə müxtəlif mövzularda məruzələr təqdim olunacaq.
Qeyd edək ki, bu tədbir “Elm günü” çərçivəsində Rəsədxananın təşkilatçılığı ilə keçiriləcək üçüncü tədbirdir. Bundan əvvəl fevralın 19-da Rəsədxana və Tusi-Bohm Planetariumda “Super Moon” adlı tədbir, martın 8-dən 10-dək isə ölkənin aparıcı ali təhsil müəssisələrinin tələbələri üçün “Astronomiya qış məktəbi” təşkil edilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-si Azərbaycanda “Elm günü” kimi təsis edilib. İlk dəfə qeyd olunacaq “Elm günü”nün yüksək səviyyədə keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası tədbirlər planı hazırlayıb. Tədbirlər planına əsasən, “Elm günü” ilə əlaqədar olaraq AMEA-nın elmi müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilir.

 

Elm və təhsil 2019-03-14 16:32:00