×
A
A
A
Sazlamalar

Fevralın 5-də elan edilmiş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyənləşib

Bakı, 14 mart, AZƏRTAC

Fevralın 5-də elan edilmiş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 27 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 699 (A növü üzrə 88 vəzifə, B növü üzrə 611 vəzifə) vakant vəzifə müsahibəyə çıxarılıb. Müsahibəyə çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 819 namizədlə 2199 müsahibənin keçirilməsi planlaşdırılır.
Ən yüksək müsabiqə vəziyyəti Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin qeydiyyat və sahibkarlarla iş sektorunda məsləhətçi (13 vakant yer üzrə 140 namizəd) və böyük məsləhətçi (1 vakant yer üzrə 81 namizəd), Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 12 saylı Xəzinədarlıq İdarəsində aparıcı məsləhətçi-mühasib (1 vakant yer üzrə 77 namizəd) vəzifələri üzrə qeydə alınıb.
Müsahibələrin martın 18-dən iyunun 13-dək keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib açılan müraciət formasında “İmtina” düyməsini sıxmaq lazımdır.
Namizədlərdən ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

 

Elm və təhsil 2019-03-14 16:25:00