×
A
A
A
Sazlamalar

Gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin qalibləri müəyyənləşib

Bakı, 14 mart, AZƏRTAC 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilmiş gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin qalibləri müəyyən edilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, 72 nömrəli məktəb-liseyin komandası 38 balla I, 55 və 117 nömrəli tam orta məktəblərin komandaları 35 balla II, 271 və 42 nömrəli tam orta məktəblərin komandaları isə 29 balla III yerə layiq görülüb.
Müsabiqənin final mərhələsində Nəsimi rayonu üzrə 42, Sabunçu rayonu üzrə 72, 271, Xəzər rayonu üzrə 117, Suraxanı rayonu üzrə 146, Yasamal rayonu üzrə 153, Binəqədi rayonu üzrə 244, Nizami rayonu üzrə 229, Qaradağ rayonu üzrə 228, Nərimanov rayonu üzrə 45, Səbail rayonu üzrə 236, Pirallahı rayonu üzrə 243, Xətai rayonu üzrə 55, 116 nömrəli tam orta məktəblərin və 287 nömrəli “Zəkalar” liseyinin komandaları iştirak edib.
Komandalar ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq, 30 sualdan ibarət test tapşırığını, 2 məsələ və 1 təcrübə işini yerinə yetiriblər. Doğru cavablandırılan hər bir test tapşırığı 1, məsələ və təcrübə işi isə 5 balla qiymətləndirilib.
Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin tədqiqat işlərinə və kimya fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, eləcə də istedadlı şagirdlərin aşkara çıxarılması olub. Müsabiqədə iştirak edən komandalar 3 nəfərdən (IX sinif-1 nəfər, X sinif-1 nəfər, XI sinif-1 nəfər) təşkil olunub.
Müsabiqə qalibləri 2018-2019-cu tədris ilinin sonunda BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

 

Elm və təhsil 2019-03-14 15:39:00