×
A
A
A
Sazlamalar

Azərbaycanlı karate mütəxəssisləri üçün beynəlxalq seminar keçirilib

Bakı, 14 mart, AZƏRTAC

Ölkəmizdə təşkil olunan 10-cu “Baku Open” beynəlxalq karate turniri ərəfəsində Azərbaycan Milli Karate Federasiyasının (AMKF) dəvəti ilə Bakıda olan Dünya Karate Federasiyasının (WKF) hakimlər komitəsinin üzvü və Avropa Karate Federasiyasının (EKF) hakimlər komitəsinin sədri Alois Viesboekin rəhbərliyi ilə seminar keçirilib. Seminarda WKF və EKF-nin hakimlər komitəsinin üzvü Uğur Kobaş da iştirak edib.
AMKF hakimlər komitəsinin sədri, beynəlxalq referi Cahangir Babayev avstriyalı mütəxəssisə assistentlik edib. Milli hakimlərin, məşqçilərin və əsas komandanın üzvlərinin iştirak etdikləri seminarda A.Viesboek kumite və katanın mövcud qaydaları, dəyişikliklər və yeniliklər barədə ətraflı məlumat verib.
Sonda iştirakçıların sualları cavablandırılıb, müəyyən yarış epizodları birlikdə araşdırılıb.
AMKF-in prezidenti Yaşar Bəşirov təcrübəsini azərbaycanlı hakimlər, məşqçilər və idmançılarla bölüşdüyü üçün Alois Viesboekə minnətdarlığını bildirib. O, belə tədbirlərin mütəmadi qaydada təşkilinin vacibliyini ifadə edib.
Seminarda iştirak edən hakim və məşqçilərə sertifikatlar təqdim olunub.

İdman 2019-03-14 14:40:00