×
A
A
A
Sazlamalar

Biləcəri qəsəbəsinin mərkəzi yolunda təmir-tikinti işləri aparılır

Bakı, 14 mart, AZƏRTAC
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi və Xurşudbanu Natəvan küçələrində yenidənqurma işlərinə start verilib.
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən küçələr Biləcəri qəsəbəsinin əsas yolu hesab olunur və qəsəbə sakinlərinin Binəqədi şosesi və Azadlıq prospektinə, o cümlədən Beynəlxalq Avtovağzal Kompleksi istiqamətindən şəhər mərkəzinə və Sumqayıt şəhəri istiqamətinə rahat gediş-gəlişini təmin edir.
Bu küçələrin uzun müddət əsaslı şəkildə təmir edilmədən istismar olunması nəticəsində yolboyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 5.2 kilometr, eni isə ortalama 16 metr olan Ordubadi və Xurşudbanu Natəvan küçələrində yenidənqurma və bərpa işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla həyata keçirilir.
Aparılan işlər çərçivəsində hazırda köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, köhnə səki daşları sökülür, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılır, əks-dolğu işləri görülür və hamarlayıcı lay asfalt-beton örtüyü döşənir.
Texnoloji ardıcıllığa uyğun olaraq hazırda küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür. Asfaltlanma işləri ümumilikdə 80 min kvadratmetrdən artıq sahəni əhatə edəcək.
Bundan başqa, aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də yenidən bərpa olunacaq, zəruri olan yerlərdə yeni sistem qurularaq yağış barmaqlıqları quraşdırılacaq, kommunikasiya xətlərinin baxış qapaqları dəyişdiriləcək, küçəboyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri yenidən qurulub, kənarlarına yeni səki daşları düzüləcək.
Təmir-tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Tikinti̇ 2019-03-14 13:57:00