×
A
A
A
Sazlamalar

AMEA-da məşhur sirk ustası Mansur Şirvaninin 100 illik yubileyi qeyd olunub

Bakı, 14 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunda martın 14-də Əməkdar artist Mansur Şirvaninin 100 illik yubileyinə həsr olunmuş elmi-praktik seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarı giriş sözü ilə açan teatr, kino və televiziya şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov Mansur Şirvani kimi incəsənət xadimlərimizin yubileylərinin qeyd olunmasının vacibliyini vurğulayıb.
Sonra aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovun məruzəsi dinlənilib. Məruzədə ənənəvi sirk sənətinin tarixindən və məşhur sirk ustalarından bəhs olunub. Qeyd edilib ki, ölkəmizdə ənənəvi sirk sənətinin tarixi çox-çox qədimlərə gedib çıxsa da, peşəkar sirk nisbətən yaxın keçmişdə yaranıb. Peşəkar sirk artistlərimiz qısa dövr ərzində yüksək nailiyyətlər əldə edərək, adlarını dünya sirk sənəti tarixinə yazdıra biliblər. Belə istedadlı sirk artistlərindən biri də manipulyasiya və illüziya ustası, heyvan təlimçisi, Əməkdar artist Mansur Şirvanidir (1919-1980). İxtisasca hüquqşünas olan Mansur Şirvani qəlbinin səsi ilə 1949-cu ildə sirk sənətinə gəlib, Azərbaycan milli sirk kollektivinin aparıcı artistlərindən olub. 1965-ci ildən etibarən əhliləşdirilmiş heyvanlardan ibarət böyük attraksionla çıxış edən Mansur Şirvani Azərbaycan sirk sənətində dressura ənənələrini davam etdirən sənətçi olub. O, dünyanın bir çox ölkələrində milli mədəniyyətimizi təmsil edib.
Sonda sənətçi haqqında çəkilmiş filmlərdən parçalar nümayiş olunub.
Seminarda iştirak edən sirk ustası Tofiq İsgəndərli belə tədbirin keçirilməsinin əhəmiyyətini qeyd edib, təşkilatçılara minnətdarlığını bildirib.

Elm və təhsil 2019-03-14 12:32:00