×
A
A
A
Sazlamalar

Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku turnirində 170 gimnast mübarizə aparır

Bakı, 14 mart, AZƏRTAC

Bakıda kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışları başlayıb.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən turnir “Tokio 2020” Yay Olimpiya Oyunlarında iştirak etmək istəyən idmançılar üçün mühüm əhəmiyyət daşıyır. Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda mübarizəyə 121 kişi və 49 qadın idman gimnastı qoşulub. Turnirə Olimpiya Oyunlarının, dünya və Avropa çempionatının medalçıları qatılıblar.
Dördgünlük yarışların ilk iki günündə təsnifat, sonrakı iki gündə final mərhələləri keçiriləcək.
Dünya kuboku yarışlarında ölkəmizi Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və Marina Nekrasova təmsil edəcəklər.
Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara Azərbaycan Gimnastika Federasiyasının ənənəvi kuboku - “AGF Trophy” təqdim olunacaq.
Mötəbər turnirə martın 17-də yekun vurulacaq.

İdman 2019-03-14 12:11:00