×
A
A
A
Sazlamalar

Niderland Dövlət Muzeyi müstəmləkələrdən oğurlanmış sənət nümunələrini geri qaytarmaq niyyətindədir

Bakı, 13 mart, AZƏRTAC

Niderland Dövlət Muzeyi (Rijksmuseum) təqribən min sənət nümunəsi barəsində Şri-Lanka və İndoneziya ilə danışıqlara başlayır. Hollandiyanın müstəmləkələrdən olan mədəni irsinin bir hissəsinə çevrilmiş bu əsərlər oğurluq ola bilər. AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Trouw” qəzetində dərc edilib.
Bu barədə qərar Niderland Dünya Mədəniyyətləri Milli Muzeyi bir vaxtlar müstəmləkə olmuş ölkələrin vaxtilə oğurlanmış, yaxud böyük mədəni və ya sosial əhəmiyyət daşıyan incəsənət əsərlərinə iddialar irəli sürməsi üçün təlimat dərc edəndən sonra qəbul edilib.
Niderland Dövlət Muzeyinin direktoru Tako Dibbets deyib: “Utandırıcı haldır ki, Niderland müstəmləkələrdən olan mədəni irsi geri qaytarmaq məsələsinə yalnız indi diqqət yetirib. Biz bunu xeyli əvvəl etməli idik. Buna əsla bəraət qazandırıla bilməz”.
Onun sözlərinə görə, Şri-Lanka ilə danışıqlar iki həftədən sonra başlayacaq və hazırda diqqət təqribən 10 nümunə üzərində cəmləşib. Yaqutla bəzədilmiş top (1765-ci ilin hərbi kampaniyası zamanı qənimət götürülüb) və Cənubi Borneo (1856-cı ildə Niderlandın müstəmləkəsinə çevrilib) sultanının mülkiyyəti olan “Bancarmasin” adlı brilyant həmin nümunələr arasındadır.
T.Dibbets qeyd edib ki, muzeyin kolleksiyasında təqribən 4 min müstəmləkə obyekti var, lakin onların heç də hamısı oğurluq deyil. Sənət nümunələrinin çoxu qanuni yolla əldə edilib.
Qeyd edək ki, Niderland Dünya Mədəniyyətləri Milli Muzeyinin müəyyən etdiyi qaydalar artıq mütəxəssislərin tənqid obyektinə çevrilib. Məsələn, tarixçi və müstəmləkələrdən oğurluq sənət əsərləri üzrə ekspert Yos van Böurden bildirib ki, bir məsələ qaranlıq qalır: muzeylər geri qaytarma prosesini müstəqil başlaya bilərmi, yoxsa bunu yalnız keçmiş müstəmləkə tərəfindən müvafiq tələb daxil olandan sonra etmək lazımdır?

 

Mədəniyyət 2019-03-13 20:32:00