×
A
A
A
Sazlamalar

Sağlamlıq imkanları məhdud gənclər "Xeyirə vəsilə" IV Satış sərgisində iştirak ediblər

Bakı, 13 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzindən 30 gənc "Xeyirə vəsilə" IV Satış sərgisində iştirak edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə keçirilən satış-sərgidə müəllim, tələbə, xeyriyyəçi rəssamların əl işləri ilə yanaşı mərkəzdə təlim keçən gənclərin müxtəlif tətbiqi sənət növlərinə aid 300-dən artıq əl işi nümayiş etdirilib.
Mərkəzdə bir çox peşələrlə yanaşı, tətbiqi sənət növləri üzrə kurslar da təşkil olunur. Bu kurslara cəlb edilənlərin bacarıqları xüsusi təlim məşğələləri, tanınmış mütəxəssislərin iştirakı ilə təşkil edilən treninqlər və ustad dərsləri şəraitində təkmilləşdirilir.
İndiyə qədər Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində 1650 gənc müxtəlif peşə hazırlıq kurslarına cəlb edilib. Hazırda isə burada 100-dən çox gənc peşə təlimindədir.

Sosial 2019-03-13 18:01:00