×
A
A
A
Sazlamalar

Səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi diqqət mərkəzində saxlanılır

Bakı, 13 mart, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin (DYNİ) təşkilatçılığı və Bakı Regional Mərkəzinin iştirakı ilə Binəqədi rayonundakı Xocasən Sağlamlıq Mərkəzində “Səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Sağlamlıq Mərkəzinin rəhbərliyinin və kollektivinin iştirak etdikləri tədbirdə yanğın təhlükəsizliyi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.
Tədbirdə yanğından mühafizənin qarşılıqlı əməkdaşlıq şəraitində təmin edilməsindən, fövqəladə hadisələrin qarşısının alınması məqsədilə lazımi qabaqlayıcı tədbirlərin görülməsinin daim nəzarətdə saxlanılmasından, könüllü yanğınsöndürmə dəstələrinin fəaliyyətinin vacibliyindən danışılıb. Elektrik və qaz təsərrüfatından istifadə zamanı qüvvədə olan normativ sənədlərin tələblərinə riayət olunması, yanğınların söndürülməsində mühüm rol oynayan su mənbələrinin vəziyyəti, işçi heyətin fövqəladə hallar zamanı davranış qaydaları, həyata keçirilməsi zəruri olan təhlükəsizlik tədbirləri barədə də ətraflı söhbət açılıb.
Tədbir iştirakçılarına “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları”, “Qaz cihazlarından istifadə edərkən yanğın, partlayış, zəhərlənmə kimi fövqəladə hadisələrin baş verməməsi üçün təhlükəsizlik qaydalarına əməl edin!” mövzusunda yaddaş vərəqələri və “Səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi”, “İnzibati binaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçaları paylanılıb.
Sonda suallar cavablandırılıb və yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani surətdə nümayiş etdirilib.

Sosial 2019-03-13 17:34:00