×
A
A
A
Sazlamalar

Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində “Sağlam məktəbli” layihəsi ilə əlaqədar görüş keçirilib

Bakı, 13 mart, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi maarifləndirmə tədbirlərini davam etdirir.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti görüş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində keçirilib.
Tədbirdə yetkinlik yaşına çatmayan uşaqlara və mərkəzin işçi heyətinə layihə haqqında ətraflı məlumat verilib, onlara “Qida zəncirinin mərhələləri” mövzusunda videoçarxlar təqdim edilib. Agentliyin mütəxəssisləri “İlkin qida təhlükəsizliyi vərdişləri”, “Sağlam qidalanma”, "Qida zəhərlənmələri zamanı ilkin profilaktik tədbirlər", “Suyun faydaları” mövzularında təqdimatlar nümayiş etdiriblər.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilib və onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb, xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirilməsində əsas məqsəd məktəblilər və yeniyetmələr arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.

 

Sosial 2019-03-13 16:39:00