×
A
A
A
Sazlamalar

“Sərhəd bilməyən incəsənət” layihəsi çərçivəsində növbəti görüş olacaq

Bakı, 13 mart, AZƏRTAC

Martın 14-də F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Ukrayna Milli Uşaq Kitabxanası arasında “Sərhəd bilməyən incəsənət” layihəsi çərçivəsində “Milli geyimlər və folklor” adlı skayp-görüş keçiriləcək.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, AMEA-nın Elmi Kitabxanasında keçiriləcək tədbirin məqsədi ölkə hüdudlarından kənardakı uşaq kitabxanaları ilə sıx əməkdaşlıq etməklə uşaqlara yeni dostlar qazandırmaq və hər iki ölkənin milli geyim və folkloru haqqında oxucuları məlumatlandırmaqdır.
Skayp-görüş 132-134 nömrəli Təhsil Kompleksinin 6-cı sinif şagirdləri ilə Ukrayna məktəbliləri arasında olacaq. Tədbirdə uşaqlar hər iki dövlətin milli geyim və folklorunu təqdim edəcək, onları maraqlandıran sualları cavablandırmaqla yanaşı, mövzu ilə əlaqədar geniş formada fikir mübadiləsi etmək imkanı əldə edəcəklər.
Layihə çərçivəsində baş tutacaq sayca üçüncü skayp-görüşdə azərbaycanlı məktəblilər, milli rəqslərimizdən olan “Yallı”, qədim “Aşıq yaradıcılığı”, Azərbaycanın ənənəvi baş örtüyü sayılan “Kəlağayı” və folklorun ən geniş janrlarından biri “Bayatılar” haqqında geniş məlumatla çıxış edəcək və folklorumuzu yüksək səviyyədə nümayiş etdirəcəklər.

 

Mədəniyyət 2019-03-13 16:48:00