×
A
A
A
Sazlamalar

Bəstəkarlar İttifaqında musiqişünas-alim Səadət Abdullayevanın xatirəsi anılıb

Bakı, 13 mart, AZƏRTAC 

Martın 13-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas-alim, sənətşünaslıq elmləri doktoru Səadət Abdullayevanın xatirəsi anılıb. Tədbirdə, həmçinin alimin xatirəsinə həsr olunmuş “Çalğı alətləri ilə bağlı yaradıcılıq ömrü” və “Nizamidə musiqi. Musiqidə Nizami” kitablarının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbiri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq tanınmış alimin ömür yolu və zəngin yaradıcılığından söhbət açıb. Bildirib ki, elə insanlar var ki, onları xalqımızın taleyinə Allahın bir lütfü kimi qəbul edirik. Zəngin və mənalı ömür yaşayan dərin düşüncəli alim, musiqişünas, pedaqoq, Bəstəkarlar İttifaqının fəal üzvlərindən olmuş Səadət xanım belə insanlardandır. “Səadət xanım bir amalı seçib və həyatı boyu bu amal üçün xidmət göstərib. Onun kitabları, tədqiqatları, dərslikləri, metodik vəsaitləri bizim elmimizi çox zənginləşdirib. Alətşünaslıq böyük elmdir, bizim qədim alətlərə maraq, onları bərpa etmək, öyrənmək, orkestr üçün işləmək çox lazımlı və musiqişünaslığa aid sahədir. Səadət xanım alətşünaslıq elminə müraciəti Azərbaycan xalqının milli dəyərlərə yenidən baxışı ilə üst-üstə düşdü. Biz elə dövrdə yaşayırıq ki, artıq bu məsələlər siyasi məna da daşıyır. Bizim təkcə musiqimizə, muğamımıza, xalq mahnılarımıza deyil, alətlərimizə də təcavüzlər özünü göstərir. Bu baxımından Səadət xanımın tədqiqatları təkcə musiqişünaslığa böyük töhfə deyil, eyni zamanda, siyasi baxımdan da çox önəmli və lazımlı işlərdir”, - deyə Xalq artisti vurğulayıb.
Bildirilib ki, “Çalğı alətləri ilə bağlı yaradıcılıq ömrü” kitabında çox böyük sevgi ilə musiqişünasın həyat və yaradıcılığının əsas tarixləri, ömrünün önəmli günləri qeyd olunur, təhsil illəri, elmi-pedaqoji fəaliyyəti işıqlandırılır. Dərc olunmuş əsərləri, tədris-metodiki və elmi-kütləvi işləri, kitablarının məzmunu və onlara yazılan rəylər, dissertantlara elmi rəhbərliyi, rəsmi opponentliyi, redaktoru olduğu kitablar və dərs vəsaitləri haqqında məlumat verilir. Onun musiqişünaslığımıza gətirdiyi elmi yeniliklər, araşdırmalarının təcrübi əhəmiyyəti, alətşünaslığa, təsviri sənətə dair tövsiyələri, musiqimiz və çalğı alətlərimizə aid fikirləri açıqlanır. “Nizamidə musiqi. Musiqidə Nizami” kitabında isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığının vətənində qiymətləndirilməsi, məşhur “Xəmsə”sində baxılan ümumbəşəri ideyalar, ədəbi irsi və obrazının incəsənətin müxtəlif növlərinə aid əsərlərin yaradılmasında rolu qeyd olunur.
Sonra tədbir məruzələrin dinlənilməsi ilə davam edib. Məruzələrdə diqqətə çatdırılıb ki, Səadət xanımın tədqiqatları əsasən milli çalğı alətlərimizin inkişaf tarixinin öyrənilməsi, quruluş, səslənmə və istifadə xüsusiyyətlərinin araşdırılması, onların türk məkanında oxşar alətlərlə müqayisəsi və eləcə də gələcək inkişaf yolları ilə əlaqədar olub. Müasir Azərbaycan alətşünaslığının əsasını qoyanlardan biri olan alim əsərlərində Azərbaycan ərazisində geniş istifadə olunan, sonralar isə sıradan çıxan çalğı alətlərinin bərpa edilməsi problemini qaldırıb.
Tədbirin bədii hissəsində Xalq artisti Munis Şərifovun bədii rəhbərliyi ilə Qədim Musiqi Alətləri Ansamblı çıxış edib.

Mədəniyyət 2019-03-13 14:28:00