×
A
A
A
Sazlamalar

“Yeni nəsil” layihəsinin ikinci mərhələsinin icrası başa çatdırılıb

Bakı, 12 mart, AZƏRTAC
“Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində həyata keçirilən “Yeni nəsil” layihəsinin ikinci mərhələsinin icrası başa çatdırılıb. Artıq dörd - Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala və Gəncə-Qazax iqtisadi regionlarında layihənin icrasına yekun vurulub.
Proqramdan AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi ölkə ərazisində gəncləri sahibkarlığa həvəsləndirmək və onların biznes ideyalarını daha da inkişaf etdirərək startap ekosisteminə qoşmaqdır.
Layihə çərçivəsində həmin iqtisadi regionlarda ümumilikdə 1100-dən çox gənc “Sahibkarlıq bacarıqları”, “İdeya generasiyası” və “Rəqəmsal marketinq” mövzularında təlimləri başa çatdırıb. Həmin regionlarda keçirilən təlimlərdə qadınların layihəyə marağı diqqəti cəlb edib. Ümumilikdə təlimlərdə iştirak edən 1114 gəncin 72 faizi qadınlar olub.
“Yeni nəsil” layihəsi “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində Coca-Cola Fondunun dəstəyi, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə ötən il həyata keçirilməyə başlanıb. Layihə ölkə üzrə dörd iqtisadi regionu əhatə edir. Bir il davam edəcək layihə Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi regionlarında icra olunur. Layihəyə qoşulan gənc sahibkarlar ümumilikdə dörd mərhələdən keçəcəklər.

Sosial 2019-03-12 19:02:00