×
A
A
A
Sazlamalar

“Testene-Art” III Beynəlxalq İncəsənət festival-müsabiqəsinə həsr olunmuş görüş keçirilib

Bakı, 12 mart, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi, İtaliya Beynəlxalq Mədəniyyət Assosiasiyasının və C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin təşkilatçılığı ilə martın 14-17-də keçiriləcək “Testene-Art” III Beynəlxalq İncəsənət festival-müsabiqəsinə həsr olunmuş görüş keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, görüşdə qurumun rəhbəri Cəlil Məlikov festival-müsabiqənin təşkilat komitəsinin üzvləri, İtaliya Beynəlxalq Mədəniyyət Assosiasiyasının prezidenti Zayka İnessa, vitse-prezidenti Olqa Naymuşina və bədii rəhbəri İqor Bubençikov arasında festivala son hazırlıq işləri, gələcək birgə fəaliyyət haqqında geniş fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, müsabiqə instrumental, vokal, rəqs, teatr, folklor, moda və dizayn, dekorativ tətbiqi sənət, xalq çalğı alətləri nominasiyaları üzrə təşkil ediləcək. Yarışmada müxtəlif yaş qruplar üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən kollektivlər iştirak edəcək. Bu il Azərbaycanla yanaşı müsabiqəyə İtaliya, Rusiya, Qazaxıstan, Pakistan, Gürcüstan və digər ölkələrdən müsabiqəyə 180-ə yaxın iştirakçı qatılıb.
Görüşdə Bakı musiqi və incəsənət məktəblərində müsabiqənin münsiflər heyətində yer alan mütəxəssislər tərəfindən fortepiano, skripka ixtisasları və rəssamlıq üzrə ustad dərslərinin təşkil olunması haqqında razılıq əldə edilib.
Qeyd edək ki, ilk dəfə 2016-cı ildə keçirilən “Testene Art Baku” Beynəlxalq festival-müsabiqədə müxtəlif ölkələrdən xeyli sayda iştirakçılar Azərbaycanın musiqi mədəniyyəti və incəsənəti ilə yaxından tanış olub, təcrübə mübadiləsi aparıb.
“Testene-Art” III Beynəlxalq İncəsənət festival-müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi və qala-konserti martın 17-də saat 14:00-da Azərbaycan Teatr Xadimləri İttifaqında keçiriləcək, seçilmiş iştirakçılara hədiyyələr təqdim olunacaq.

Mədəniyyət 2019-03-12 17:45:00