×
A
A
A
Sazlamalar

Azərbaycanda Puşkinin ədəbi irsinə böyük maraq göstərilir

Bakı, 12 mart, AZƏRTAC

Martın 12-də Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində “A.S.Puşkin muzeyləri dünya xəritəsində” layihəsi çərçivəsində ilk tədbir keçirilib. Rus ədəbiyyatının dahi nümayəndəsinin mədəni irsinin qorunub saxlanılması və təbliği məqsədini daşıyan layihə Rusiya səfirliyi və ölkəmizdəki Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri açaraq böyük şair Aleksandr Sergeyeviç Puşkinin həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, dahi rus şairinin yaradıcılığının analoqu yoxdur və onun adı dünya ədəbiyyat tarixinə qızıl hərflərlə yazılıb. Böyük qələm ustasının əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub. Azərbaycanda Puşkinin ədəbi irsinə böyük maraq göstərilir.
A.Bayramova vurğulayıb ki, dahi şairin yaradıcılığı musiqidə də təcəssümünü tapıb. Onun əsərləri əsasında çoxlu romanslar, operalar, musiqi tamaşaları yazılıb. Qara Qarayev, Soltan Hacıbəyov, Ağabacı Rzayeva, Ədilə Hüseynzadə və digər görkəmli Azərbaycan bəstəkarları Puşkinin şeirlərinə musiqi bəstələyiblər.
Tədbir konsert proqramı ilə davam etdirilib. Bakı Musiqi Akademiyası məzunlarının ifasında dahi şairin şeirlərinə bəstələnmiş romanslar səslənib.

Mədəniyyət 2019-03-12 17:42:00