×
A
A
A
Sazlamalar

Azərbaycan Xalça Muzeyi Novruz bayramı ilə bağlı tədbirlər proqramını açıqlayıb

Bakı, 12 mart, AZƏRTAC

Azərbaycan Xalça Muzeyi Novruz bayramı ilə bağlı tədbirlər proqramını açıqlayıb.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, martın 15-də saat 14:30-da muzeyin Şuşa filialı tamaşaçıları Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunan “Məclisi-üns – xan qızının qonaqları” adlı musiqili poeziya axşamına dəvət edir. Muzeyin qonaqları məşhur şairənin dövründəki yaradıcılıq məclislərinin ab-havasına baş vuracaqlar. Tədbirin əvvəlində Xurşidbanu Natəvan haqqında film təqdim ediləcək, daha sonra məclis Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist Anar Şuşalı, aşıq Qəmər Həsənəliyeva və digərlərinin ifasında konsert proqramı ilə davam edəcək.
Martın 16-sı saat 15:30-da balacalara “Cırtdanın Novruz bayramında macəraları” tamaşası təqdim ediləcək. Uşaqlar sevimli nağıl personajları ilə görüşərək, qədim Novruz bayramının adət-ənənələri ilə tanış olacaq, yeni biliklər qazanacaqlar. Biletləri muzeyin kassasında əldə edə bilərsiniz.
Martın 21-26-da isə “Uşaq muzeyi” şöbəsi gənc muzey qonaqlarını müxtəlif ustad dərslərində iştiraka dəvət edir. Onlar arasında xına bəzəkləri, şəkərbura naxışının vurulması, yumurta boyamaq, boşqab üzərində novruz simvollarının çəkilməsi, qurama, yumşaq oyuncaqların hazırlanması, “şəddə”nin toxunması və açıqçaların hazırlanması kimi bayram mövzusunda ustad dərslər yer alacaq.

Mədəniyyət 2019-03-12 15:53:00