×
A
A
A
Sazlamalar

Bərdədə mini futbol turnirinə start verilib

Bakı, 12 mart, AZƏRTAC 

Bərdə rayon gənclər və idman idarəsinin, Təhsil Şöbəsinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının təşəbbüsü ilə yeniyetmələrdən ibarət komandalar arasında mini futbol turnirinə start verilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının yaradılmasının 26-cı ildönümünə həsr olunan turnirə 12 komanda qatılıb.
Turnirin açılış mərasimində Bərdə rayon gənclər və idman idarəsinin rəisi vəzifəsini icra edən Aydın Qasımov, Təhsil Şöbəsinin əməkdaşı Anar Rəsulov və Yeni Azərbaycan Partiyası rayon təşkilatının əməkdaşı Fuad Ağayev çıxışlarında bu gün ölkəmizdə ən böyük siyasi qüvvəyə çevrilən YAP-ın müasir müstəqil Azərbaycanın tarixində misilsiz rolundan danışıblar. Qeyd olunub ki, bu gün YAP sıralarındakı gənclər də yüksək fəallıqları ilə seçilirlər. Gənclərimiz onların inkişafı üçün yaradılan əlverişli mühitdən bəhrələnərək ölkəmizin tərəqqisinə mühüm töhfə verirlər.
Çıxışlarda, həmçinin Azərbaycanda gənclərin, o cümlədən məktəblilərin fiziki sağlamlığının diqqət mərkəzində saxlanıldığı vurğulanıb, bu baxımdan müxtəlif turnirlərin keçirilməsinin önəmi qeyd edilib.
Yarış iki gün davam edəcək.

Sosial 2019-03-12 13:34:00