×
A
A
A
Sazlamalar

Türkiyənin Uşak Universitetində Xocalı soyqırımı mövzusunda konfrans keçirilib

Uşak, 11 mart, AZƏRTAC
Türkiyənin Uşak Universitetində (UU) “Xocalı soyqırımı türkə qarşı soyqırımıdır” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Uşak Universitetində fəaliyyət göstərən Azərbaycan Mədəniyyətini Tanıtma Cəmiyyəti (AMTC) ilə Türk Dünyası Araşdırma Mərkəzi (TDAM) tərəfindən birgə təşkil olunan konfransda UU-nun professor, müəllim və tələbə heyəti, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Konfrans Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Universitetin dekanı, professor Sadiye Tutsak təşkil olunan konfransın mahiyyətindən bəhs edib. Professor diqqətə çatdırıb ki, hansı ixtisasın və peşənin sahibi olmasından asılı olmayaraq hər bir gənc öz tarixini bilməli, ondan ibrət götürməlidir.
Daha sonra professor İbrahim Öztəkin məruzəsi dinlənilib. Əvvəlcə saxta “erməni məsələsi”nin siyasi gündəmə gətirilməsinin tarixi və inkişaf istiqamətləri barədə müfəssəl məlumat verən professor İbrahim Öztək diqqətə çatdırıb ki, əsrlər boyu türk düşmənçiliyi edən bəzi böyük güclər bütün dövrlərdə xalqlarımıza qarşı çıxarmağa bir toplum axtarışında olublar. Nəhayət ki, bu axtarışda olanlar ermənilərin üstündə dayanıb və saxta ideya ətrafında erməni millətçiliyinin yaranmasına nail ola biliblər. Ötən əsrdə Anadoluda və Qafqazda müsəlman-türk əhaliyə qarşı törədilən cinayətlərdən bəhs edən professor bildirib ki, erməni silahlı birləşmələri bütün hallarda torpaqlarımıza göz dikən işğalçılarla birləşərək xalqlarımıza və ölkələrimizə qarşı düşmənçilik ediblər. Xocalı soyqırımı ermənilərin xalqlarımıza qarşı zaman-zaman həyata keçirdikləri soyqırımların davamı və ən dəhşətlisidir.
Belə bir tədbirin təşkilinə görə AMTC-in sədri Naib Ələkbərova və TDAM-in sədri Meriç Güvənə səmimi minnətdarlıqlarını ifadə edən çıxışçılar əminliklə bildiriblər ki, bu təşkilatlar saxta “erməni məsələsi” mövzusunda bundan sonra da konfranslar təşkil edib, bu məsələdə tələbələrin maariflənməsi istiqamətində səylərini davam etdirəcəklər.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Uşak

Xocalı faciəsi 2019-03-11 19:22:00