×
A
A
A
Sazlamalar

Ulyanovskda yaşayan azərbaycanlı gənclər məktəbliləri və uşaq evində tərbiyə alanları Novruz bayramı münasibətilə təbrik ediblər

Bakı, 11 mart, AZƏRTAC

Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin (URANKA) fəalları Novruz bayramı ərəfəsində Heydər Əliyev adına 78 saylı məktəbə və uşaq evinə baş çəkiblər.
AZƏRTAC xəbər verir ki, diaspor nümayəndələri böyük yaradıcı-maarifçilik proqramı hazırlayıblar. Onlar uşaqlara Azərbaycan və onun paytaxtı Bakı barədə danışıb, ölkəmizin himninin və bayrağının mənasını, milli ənənələrin əhəmiyyətini, Azərbaycan mətbəxinin zənginliyini izah edib, səhnələşdirilmiş və musiqili nömrələr nümayiş etdirib, maraqlı ustad dərsləri keçib, xalq oyunları oynayıblar.
URANKA-nın sədri İslam Hüseynov deyib:
-Bizim muxtariyyət bir neçə uşaq evi ilə dostluq edir, 78 saylı məktəblə xüsusi münasibətlərimiz var, axı o, xalqımızın ümummilli liderinin adını daşıyır. Belə görüşlərin hər biri uşaqlara dostluq, qarşılıqlı hörmət, milli fərqlərə qarşı dözümlülük prinsiplərini aşılamağa imkan verir. Bu dəyərlərin əsası erkən yaşda qoyulmalıdır. Məktəbdə bizi köhnə dostlar kimi tanıyır və qəbul edirlər. Uşaq evində isə ilk dəfə olduq. Uşaq evinin əməkdaşları və orada tərbiyə alanlar bizi böyük maraq və sevinclə qarşıladılar. Fikrimcə, onların hər biri Azərbaycan xalqının qəlbindəki hərarəti və xeyirxahlığı hiss etdi.
İslam Hüseynov məktəblilər və uşaq evində tərbiyə alanlarla söhbətində bildirib ki, həqiqi vətənpərvərlik insanın öz vətəninə dərin sevgisi, eyni diyarda yaşayan insanlara hörmət, yaxınlarının qeydinə qalmaq və ölkənin rifahı naminə işləmək deməkdir.
78 saylı məktəbdə keçirilən bayram şənliyində Ulyanovsk regional yəhudi milli-mədəni muxtariyyətinin sədri İqor Dabakarov, “Russkiy dom” ictimai təşkilatının rəhbəri Tamara Kulyabina, habelə Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin Ulyanovsk nümayəndəliyinin rəhbəri Üzeyir Hüseynov da iştirak edib. Onlar məktəbliləri və uşaq evində tərbiyə alan balacaları səmimi salamlayıb və təbriklərə qoşulublar.
Görüşün yaradıcı hissəsi Amil Valeyevin rəhbərlik etdiyi muxtariyyətin gənclər cinahı (Ulyanovsk Azərbaycanlılarının Tələbə Klubu) tərəfindən hazırlanmışdı. Valeyev və onun həmfikirləri şəhərin ictimai həyatında fəal iştirak edirlər. Onların istifadə etdiyi ən təsirli vasitələrdən biri Azərbaycanın zəngin mədəni irsi: mahnılar, şeirlər, rəvayətlər və teatr miniatürləridir. Bu gənclərin hər bir çıxışı əsl fədakarlıq nümunəsidir, buna görə də tamaşaçılar onları çox sevirlər. Tələbə gənclərin məktəbdə və uşaq evində təqdim etdiyi proqram interaktivlik prinsipi əsasında qurulub, yəni hər bir tamaşaçı eyni zamanda tamaşanın iştirakçısı olur.
Amil Valeyev deyib:
-Mədəniyyət elə universal dildir ki, yaşından, milliyyətindən, dini etiqadından və sosial səviyyəsindən asılı olmayaraq bütün insanlar bu dildə bir-biri ilə ünsiyyət saxlaya bilir. Balaca oğlanlar və qızlar bizim hazırladığımız proqrama diqqətlə tamaşa edir, bizimlə bərabər şənlənir, oxuyur, oynayır, rəqs edirdilər.
Təbii ki, bayram hədiyyələri də oldu. Diaspor fəalları məktəbin şagirdlərinə və müəllimlərinə şirniyyat, uşaq evinə isə idman geyimi dəstləri bağışlayıblar. Uşaq evində görüşün sonunda azərbaycanlı gənclər balacalarla futbol oynayıblar. Uşaq evinin rəhbəri Natalya Jidkovanın sözlərinə görə, URANKA fəallarının buraya gəlişi böyük sevinc və bayram ab-havası yaratmaqla bərabər, həm də maarifçilik baxımından çox faydalı olub. Azərbaycan xalqının mədəniyyəti ilə ilk tanışlıq çox gözəl şəraitdə keçib. N.Jidkova deyib: “Azərbaycanlı dostlarımızın diqqətinə və bu gözəl ünsiyyətə görə onlara təşəkkür edirik. Ümidvaram ki, dostluğumuz davam edəcək və möhkəmlənəcək”.

Sosial 2019-03-11 14:08:00