×
A
A
A
Sazlamalar

Lənkəranda sərnişindaşıma ilə məşğul olan sürücülərlə maarifləndirici söhbət aparılıb

Bakı, 9 mart, AZƏRTAC 

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsi, ictimai nəqliyyat sahəsində nizam-intizamın yaradılması ilə bağlı sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılar və sürücülərlə söhbət aparıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, maarifləndirici xarakterli bu görüşdə çıxış edən Şöbənin dövlət yol polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis kapitanı Emil Vəliyev sərnişindaşıma ilə məşğul olan sürücülərə riayət etməli olduqları yol hərəkəti qaydaları, iş və istirahət rejimi, həmçinin qanunvericiliyin digər tələbləri barədə məlumat verib. Bu qaydaların sərnişinlərin təhlükəsiz şəkildə mənzil başına çatdırılmaları və bədbəxt hadisələrin baş verməməsi üçün nəzərdə tutulduğu diqqətə çatdırılıb.
Sürücülərə normativ aktlar və qaydalar da izah olunub. Bildirilib ki, əsasən ümumi istifadədə olan hər bir nəqliyyat vasitəsi işdən sonra mütləq qaraja aparılmalı, texniki cəhətdən yoxlanıldıqdan və nasazlıq varsa aradan qaldırıldıqdan sonra növbəti gün xəttə buraxılmaldır. Sürücülər isə hər gün xəttə çıxmazdan əvvəl tibbi müayinədən keçməlidirlər.
Görüşdə sürücülərin sualları ətraflı cavablandırılıb.

Sosial 2019-03-09 18:20:00