×
A
A
A
Sazlamalar

İordaniya telekanalı Xocalı soyqırımı ilə bağlı veriliş yayımlayıb

Bakı, 7 mart, AZƏRTAC

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK), İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin və ölkəmizin İordaniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə fevral 27-də Əmman şəhərində keçirilən anım mərasimi haqqında İordaniyanın “7 STARS” telekanalı, təxminən, bir saatlıq veriliş yayımlayıb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, veriliş Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən törədilmiş soyqırımının anım mərasiminə və bu hadisədə qətlə yetirilmiş şəhidlərin xatirəsinə həsr edilib. “Azərbaycan səfirliyi Xocalı soyqırımının 27-ci ildönümünü İordaniya Haşimilər Krallığında anır” adlı veriliş ölkəmizin zəngin təbiətinin, tarixi abidələrinin, təbii sərvətlərinin, son illərdə paytaxt Bakıda və digər şəhərlərimizdə həyata keçirilən nəhəng quruculuq işlərinin nümayişi ilə başlayıb.
Qeyd edilib ki, anım mərasimi Müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması, Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Mərasimdə səfir Rasim Rzayev 27 il əvvəl işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı faciəsinin insanlığa qarşı cinayət və xalqımıza qarşı soyqırımı olduğunu bildirib, Xocalı soyqırımının ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri silsilə qırğınların davamı olduğunu, bu qətliamların işğalçı Ermənistanın etnik təmizləmə və soyqırımı siyasətini əks etdirdiyini vurğulayıb. Erməni işğalı nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin zəbt edildiyini, bir milyondan çox vətəndaşın doğma yurd-yuvalarından didərgin düşdüyünü qeyd edən səfir Ermənistanın təcavüzkar siyasətinin beynəlxalq təşkilatlar tərəfindən pisləndiyini, işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal çıxarılmasının tələb olunduğunu, lakin Ermənistanın öz işğalçılıq niyyətlərindən əl çəkmədiyini, beynəlxalq təşkilatların bu xüsusda qəbul etdiyi qətnamələrə əməl etmədiyini bildirib.
Qeyd olunur ki, səfir R.Rzayev çıxışında İordaniya Senatının Xocalı soyqırımının tanınması və qətiyyətlə pislənməsi barədə sənəd qəbul etdiyini, habelə BMT, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla bağlı keçirilən səsvermələrdə İordaniya tərəfinin daim dost mövqe nümayiş etdirdiyini vurğulayıb, Kral II Abdullaha, İordaniya xalqına və hökumətinə minnətdarlığını ifadə edib.
Digər çıxışlarda da Ermənistanın Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti pislənib, işğal edilmiş ərazilərdə ermənilərin özbaşınalığından danışılıb.
Veriliş Xocalı soyqırımı şəhidlərinin xatirəsinə bir dəqiqəlik sükutun elan edilməsi və bu faciəni əks etdirən fotoşəkillərin nümayişi ilə başa çatıb.

Xocalı faciəsi 2019-03-07 23:13:00