×
A
A
A
Sazlamalar

“Dövlət təhlükəsizliyinin təmin olunmasında gənclərin rolu” mövzusunda konfrans keçirilib

Bakı, 7 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) təhlükəsizlik orqanlarının yaranmasının 100 illik yubileyi ərəfəsində “Dövlət təhlükəsizliyinin təmin olunmasında gənclərin rolu” mövzusunda konfrans keçirilib.
Dövlət İdarəçilik Akademiyasından AZƏRTAC-a bildiriblər ki, Xidmətin məsul əməkdaşlarının, Akademiyanın professor-müəllim heyətinin və tələbələrinin iştirak etdikləri konfransda DİA-nın rektoru, akademik Urxan Ələkbərov açıb. Rektor dövlət təhlükəsizlik orqanlarının keçdiyi şərəfli yoldan, xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin dövlət strukturlarının, o cümlədən təhlükəsizlik orqanlarının inkişafı və təkmilləşməsi üçün göstərdiyi diqqət və qayğıdan danışıb, Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini söyləyib. Bildirilib ki, gündən-günə inkişaf edən respublikamızın uğurlarına qısqanclıqla yanaşan qüvvələr hər cəhddə ölkəmizin nüfuzuna xələl gətirməyə çalışırlar. Ancaq hər bir vətənpərvər azərbaycanlı, xüsusən də gənclərimiz harada olmasına baxmayaraq, müasir müstəqil Azərbaycanın milli mənafeyini qorumalı, ölkəmizin inkişafı və qüdrətlənməsi üçün bütün səylərini səfərbər etməli, həmişə təhsildə uğurlar qazanmalı və əzmlə çalışmalıdır. Dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı qorunmasında dövlət təhlükəsizlik orqanlarının mühüm rolunu qeyd edən rektor qarşıdan gələn peşə bayramı münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyini və əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Tural Məmmədov çıxışında 100 il əvvəl yaradılan Azərbaycan təhlükəsizlik orqanlarının tarixindən bəhs edib. Qeyd olunub ki, Azərbaycanın ilk təhlükəsizlik orqanı 1919-cu il martın 28-də fəaliyyətə başlayıb. Bu orqanlarda milli mənafelərə xidmət strategiyasının əsasının ulu öndər Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi 1956-1965-ci illərdə yaradıldığını diqqətə çatdıran natiq deyib ki, beləliklə də həmin illərdə gələcək xüsusi xidmət orqanının peşəkar kadr potensialının formalaşması üçün başlıca zəmin hazırlanıb. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarının fəaliyyətinin yenidən qurulmasına və təkmilləşdirilməsinə göstərdiyi tələbkarlıq, gündəlik qayğı və diqqət yeni dövrün çağırışlarına uyğun təhlükəsizlik sisteminin yaradılmasına imkan verib. Bütün bunlar təhlükəsizlik orqanlarının ölkənin ümumi tərəqqisinin möhkəm təməllərinin qoyulmasında daha yaxından iştirakına şərait yaradıb. Ulu öndər Heydər Əliyevin Azərbaycanın sivil, demokratik, hüquqi dövlət kimi inkişafına yönəlmiş siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi üçün əlverişli şəraitin yaradılmasında DTX əməkdaşları da yaxından iştirak edirlər.
T.Məmmədov vurğulayıb ki, son dövrlər bəzi ölkələrdə cərəyan edən proseslər, xüsusilə münaqişə ocaqlarındakı mürəkkəb vəziyyət, mütəşəkkil cinayətkarlığın doğurduğu təhdidlər, müxtəlif radikal meyillərlə üzləşmək və sair təhlükələr hərtərəfli sayıq olmağımızı tələb edir. Bütün bunlar bizləri malik olduğumuz dəyərlərə sahib çıxmağa, əldə edilmiş sabitliyi, milli birliyi və tolerantlığı qorumağa çağırır. Gənclərimiz dövlətin, xalqın gələcəyinin, ölkənin sabit və dinamik inkişafının onların vətənpərvərliyindən, dövlətçiliyə və müstəqilliyə sədaqətindən asılı olduğunu bir an belə unutmamalıdırlar. Çünki Azərbaycanın inkişafına qısqanclıqla yanaşan qüvvələr var. Belə qüvvələr gənclərimizi müəyyən istiqamətlərə çəkməyə cəhdlər göstərirlər. Ancaq gənclərimizin mütləq əksəriyyəti belə yad təsirlərdən uzaq dururlar. Onlar ölkəmizin tərəqqisi, öz gələcəkləri naminə dövlət siyasətinə dəstək verirlər. O, gənclərimizin Ulu Öndərin zəngin irsini dərindən öyrənməklə onun xalqımızın işıqlı gələcəyinə ünvanlanmış ideallarına sadiq qalacaqlarına, milli maraqların və təhlükəsizliyimizin təminatçısı kimi üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə əminliyini bildirib.
Akademiyanın siyasi idarəetmə fakültəsinin dekanı, professor Elçin Əhmədov, tarix kafedrasının müdiri, dosent Firdovsiyə Əhmədova çıxışlarında dövlət təhlükəsizlik orqanlarının yaranması və fəaliyyətini tarixi aspektdən təhlil edib, müasir dövrdə dövlət təhlükəsizliyinin təminatında gənclərin rolundan danışıblar. Bildirilib ki, təhlükəsizlik orqanlarının fəaliyyəti cəmiyyətdə yüksək qiymətləndirilir. Ulu öndər Heydər Əliyevin siyasi xəttini qətiyyətlə və uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli tərəqqisi və qüdrətlənməsi naminə görülən işlər nəticəsində Azərbaycan dünyada ən sabit, sürətlə inkişaf edən və təhlükəsizlik mühitinə malik ölkələrdən birinə çevrilib.
Sonda konfrans iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.
Konfrans iştirakçıları DİA-da fəaliyyət göstərən Heydər Əliyev Dövlət İdarəçilik Məktəbi və Qarabağ Araşdırmalar Mərkəzi ilə tanış olublar.

Sosial 2019-03-07 18:57:00