×
A
A
A
Sazlamalar

Ağ Şəhər ərazisindəki Yeni Park kvartalında infrastruktur və abadlıq işlərinə başlanılıb

Bakı, 7 mart, AZƏRTAC

Ağ Şəhər ərazisində Xəzər dənizindən 25 metrədək hündürlükdə yerləşən Park kvartalında inşaat işləri davam edir.
Ağ Şəhərin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şəhərin ən böyük parklarından olan Nizami parkının yaxınlığında yerləşən Park kvartalında yaşayış binaları, məktəb və uşaq bağçası, biznes mərkəzi, inzibati dövlət binası və yeraltı avtodayanacaqlar nəzərdə tutulub.
Hazırda kvartalda 20 mərtəbəli yaşayış binalarının tikintisi başa çatır. Müasir üslublu binaların podiumlarının üzərində istirahət və yaşıllıq zonaları, uşaq meydançaları yerləşdirilir, ərazidə tikinti, quruculuq və abadlıq işləri aparılır, 7 metrlik piyada səkiləri boyunca ağaclar əkilir. Kvartal sakinlərinin kommunal ehtiyaclarını ödəmək üçün elektrik, su, qaz, kanalizasiya, internet və İPTV xətləri çəkilir.
Yaxınlıqdakı “Ağ Şəhər” metro stansiyasının çıxışı Park kvartalını həm nəqliyyat baxımından əlverişli edəcək, həm də piyadaların Nobel prospekti boyunca keçidinə imkan yaradacaq.
Bundan əlavə, Park kvartalını əhatə edən Mərkəzi Bulvar küçəsinin Nobel prospektinə birləşməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən işlər görülür. Eni 37 metr, uzunluğu 1550 metr olan 4 zolaqlı Mərkəzi Bulvar küçəsi Ağ Şəhərin yol şəbəkəsində vacib yer alır.
Həmçinin yaşayış binalarından istinad divarı boyunca Olimpiya kvartalı istiqamətində rahat və təhlükəsiz piyada keçidi nəzərdə tutulub.
Ağ Şəhərdə sahəsi 10 hektar olan Nizami parkının Ağ Şəhərin Baş planına uyğun olaraq genişlənməsi və ərazisi abadlaşdırılacaq bağa müxtəlif rahat piyada keçidləri, eyni zamanda, avtoparkinq yerləri planlaşdırılıb.
Kvartal layihəsi üzərində Böyük Britaniyanın “ATKINS” memarlıq və “Chapman Taylor Architects” şirkətləri, eləcə də yerli memarlıq şirkətləri və ABŞ-ın “CallisonRTKL” firması işləyiblər.
Park kvartalında “Chapman Taylor Architects” şirkəti tərəfindən layihələndirilmiş özəl “Knightsbridge (Naytsbric) Residence” kompleksi qısa müddətdə ərazinin yaraşığına çevrilib. Ərazisi 34 hektar olan kompleksin 7 binasından birinin fasad həlləri başa çatıb və daha 4 binada tikinti işləri aparılır. London bağları üslubunda hazırlanan landşaft isə özündə ağaclar, kollar və çiçəklikləri birləşdirir.
Ümumilikdə, Park kvartalında infrastruktur və abadlıq işlərinin il ərzində yekunlaşması gözlənilir.

Tikinti̇ 2019-03-07 12:14:00