×
A
A
A
Sazlamalar

ABŞ-ın yəhudi və yevangelist xristian icmasının nümayəndə heyəti Bakıdakı dini ibadət yerləri və yəhudi məktəbi ilə tanış olub

Bakı, 6 mart, AZƏRTAC

Azərbaycanda səfərdə olan ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvlərindən ibarət nümayəndə heyəti martın 6-da Bakıdakı dini ibadət yerləri və yəhudi məktəbi ilə tanış olub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Heydər məscidində olan qonaqlara tikintisinə 2012-ci ilin sentyabrında başlanılan məscidin 2014-cü il dekabrın 26-da istifadəyə verildiyi qeyd olunub. Məlumat verilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə inşa olunan məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib. Ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə dörd minarə inşa olunub.
Bildirilib ki, maddi-mədəniyyət abidələrinin bərpasını və mühafizəsini daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısının sərəncamları ilə son bir neçə ildə qədim tarixi abidələrin, ziyarətgahların bərpası ilə bağlı görülən silsilə tədbirlər dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisidir. Dini, mədəni və tarixi abidələrin bərpasına ciddi dəstək verən Prezident İlham Əliyevin son illərdə bir çox dini abidələrin bərpası ilə bağlı imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar ölkəmizdə mövcud milli-mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsinə çevrilib. Məsciddə qılınan vəhdət namazları nəinki Azərbaycan, eləcə də bütün dünya üçün olduqca gözəl ənənənin əsasını qoyub.
Daha sonra nümayəndə heyəti Bakıda yerləşən “Xabad-Or-Avner” yəhudi məktəbi ilə tanış olub. Qonaqlara təhsil mərkəzinin “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Heydər Əliyev Fondu və “Or-Avner” Beynəlxalq Fondu tərəfindən inşa edilməsi barədə məlumat verilib. Qeyd olunub ki, yəhudi məktəbinin açılışında Azərbaycan Prezidenti İlham Əliyev, ölkəmizin birinci xanımı Mehriban Əliyeva və MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayev iştirak ediblər. Dörd yüz əlli yerlik mərkəz bütün avadanlıqla təmin edilib. Burada yəhudi mədəniyyətinin əsasları da tədris olunur.
Sonra “Müqəddəs Jen-Mironosits” rus pravoslav kafedral kilsəsi və “Bakirə Müqəddəs Məryəm” katolik kilsəsini ziyarət edən nümayəndə heyətinin rəhbəri, ABŞ-ın “Etnik Anlaşma Fondu”nun yaradıcısı və rəhbəri ravvin Mark Şnayer ölkəmizdəki dinlərarası harmoniyanın canlı şahidi olduğunu dilə gətirib. Bildirib ki, Azərbaycandakı nümunəvi tolerant mühit hər bir dinin nümayəndəsinin sərbəst ibadətinə imkan verir.
Nümayəndə heyətinin üzvləri dövlətimizin dini konfessiyalar üçün yaratdığı şəraiti yüksək qiymətləndiriblər.

Din 2019-03-06 19:06:00