×
A
A
A
Sazlamalar

Paytaxtın kimya sənayesində məhsul buraxılışı artıb

Bakı, 6 mart, AZƏRTAC

Bakının kimya sənayesində məhsul buraxılışı artıb.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, yanvarda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 24,9 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin eyni ayı ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 2,3 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalında 48,9 faiz artıb, əczaçılıq məhsullarının istehsalında isə 24,4 faiz azalıb.
Ötən ilin yanvar ayı ilə müqayisədə əsas kimya məhsullarından azot istehsalı 68,6 faiz, oksigen istehsalı 44,8 faiz azalıb, lak boya məmulatlarının istehsalı 68,8 faiz artıb.
Rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı əvvəlki ilin eyni ayı ilə müqayisədə 78,3 faiz azalıb, liflə armaturlaşdırılmış sair bərk plastik borular, borucuqlar, qollar, şlanqların istehsalı 3,7 dəfə, polietilen kisə və çantaların istehsalı isə 2,3 dəfə artıb.

Sənaye 2019-03-06 14:27:00