×
A
A
A
Sazlamalar

Binə qəsəbəsində küçə və yollar təmir edilir

Bakı, 6 mart, AZƏRTAC

Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində sahəsi ümumi sahəsi 160 min kvadratmetr ərazidə küçə və yolların təmir işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ümumi uzunluğu 10,5 kilometr olan və Mərdəkan şosesindən ayrılan Badam bağları yaşayış massivinə gedən yol, həmçinin qəsəbədaxili bir küçə, bundan başqa uzunluqları 2 kilometrədək olan Nəsimi və Sabir küçələri yenidən qurulur. Yaxın günlərdə isə analoji işlərin uzunluqları 9 kilometrdən çox olan Binə Südçülük sovxozu və “Binə aqrokompleksi” yaşayış massivləri yollarında, eləcə də Hövsan südçülük yaşayış massivinin 2,5 kilometr uzunluğunda 161 nömrəli küçədə aparılması nəzərdə tutulur. Küçə və yolların 2 hərəkət zolaqlı olmaqla hər birinin eni 6-7 metr təşkil edir.
Yollar boyu yararsız qrunt qazılaraq çıxarılır, əks-dolğu aparılaraq yeni yol yatağı salınır, daha sonra yeni yol əsası inşa edilir və asfaltlanma işləri görülür. Təmir-tikinti işləri əsasən, qəsəbə və yaşayış məntəqələrində vətəndaşların ümumi istifadəsində olan və payız-qış mövsümündə gediş-gəlişdə çətinlik yaşanan torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.

 

Tikinti̇ 2019-03-06 13:35:00