×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının xatirəsi Mayamidə də anılıb

Vaşinqton, 4 mart, AZƏRTAC
ABŞ-ın Mayami şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, əsasən Azərbaycan və türk icma nümayəndələrinin iştirak etdikləri tədbirdə Xocalı soyqırımı ilə bağlı çıxışlar dinlənilib, “Müharibə uşaqları” sənədli filmi nümayiş olunub və anım konserti verilib.
Anım tədbiri ölkəmizin ABŞ-dakı səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası və Florida Türk-Amerika Assosiasiyası tərəfindən Mayamidəki Türk Evində təşkil edilib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Türk-Amerika Assosiasiyasının sədri professor Mehsut Akcay 27 il əvvəl törədilmiş Xocalı soyqırımının anılmasının vacibliyini vurğulayıb. Sonra çıxış edən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminova Xocalı faciəsinin Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət olduğunu qeyd edib, bu soyqırımın öyrənilməsinin və yaddaşlarda saxlanmasının əhəmiyyətini qeyd edib.
Xocalı soyqırımı barədə geniş məlumat verən Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Vüqar Qurbanov bildirib ki, erməni qüvvələri Xocalıda bilərəkdən kütləvi qırğın törədib, Xocalı qətliamında istifadə edilmiş qəddar metodlar ölkəmizin digər işğal edilmiş ərazilərində də tətbiq edilib və buna görə də Xocalı soyqırımı yeganə hal deyil, Azərbaycana qarşı işğalçı müharibədə Ermənilərin törətdiyi çoxsaylı insanlıq əleyhinə cinayətlərin bir nümunəsidir.
Türkiyənin Mayamidəki baş konsulluğunun vitse-konsulu Əli Fuad Erkurt Xocalı soyqırımında və ümumiyyətlə, Azərbaycana qarşı aparılmış müharibədə bütün şəhid olan soydaşlarımızı ehtiramla anıb və Türkiyənin Azərbaycanla bu acını paylaşdığını vurğulayıb. Daha sonra azərbaycanlı gənc fəal Aydın Eminov Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın Xocalı soyqırımı ilə bağlı bəyanatını səsləndirib.
Anım tədbirinin ikinci hissəsində iştirakçılar rejissor Şamil Nəcəfzadənin ölkəmizə qarşı təcavüzdən əziyyət çəkən uşaqlara həsr edilmiş “Müharibə uşaqları” adlı sənədli filmini maraqla izləyiblər.
Tədbirin yekun hissəsində Azərbaycan və klassik musiqi nümunələri ifadə edilib. Amerikalı musiqişünas Cefri Verbok tar və kamançada Azərbaycan muğamlarını, daha sonra azərbaycanlı musiqi professorları Pərvin Muradova və Kamila Şaxtaxtinski pianoda, professor Mişa Vitenson isə violində milli və klassik musiqiləri ifa ediblər.

Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Xocalı faciəsi 2019-03-04 11:01:00