×
A
A
A
Sazlamalar

Men ştatında Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Vaşinqton, 3 mart, AZƏRTAC
ABŞ-ın Men ştatındakı Portlend şəhərində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Portlend Şəhər Şurasının Amerika mənşəli ilk müsəlman üzvü olmuş Payas Əli, Şuranın digər üzvü Spenser Tibodo, Əfqanıstan, İran, İraq, Konqo, Ruanda, Sudan, Bolqarıstan Burundi, Qana, Türkiyə, Zambiyadan olan mühaicir icmalarının liderləri, ictimai xadimlər, həmçinin Men ştatının Azərbaycan icmasının nümayəndələri iştriak ediblər.
Tədbiri giriş sözü ilə açan Men ştatında Azərbaycan icmasının rəhbəri Tərlan Əhmədov Ermənistanın Azərbaycana təcavüzündən və Xocalı soyqırımından bəhs edib.
Sonra iudaizm, xristianlıq, islam və bəhayi dinlərinə məxsus müqəddəs kitablardan ayələr oxunub, habelə İraq mühaciri Cavad Əlfətləvinin ifasında mərsiyə səslənib.
Tədbirin proqramı Heydər Əliyev Fondunun təşəbbüsü ilə lentə alınmış "Xocalıya ədalət!" və erməni əsirliyində olmuş, möcüzə nəticəsində sağ qalmış Dürdanə Ağayevanın film-müsahibəsi ilə davam edib.
Tədbirdə əsas məruzəçi Darfurda (Sudan) soyrqırımının şahidi olmuş Əlfadel Ərbab olub. Yaşadığı şəhərdə dinc sakinlərin kütləvi qırğınının şahidi olan natiq həmin ağır günlər haqqında xatirələrini bölüşüb və Darfurda məruz qaldığı işgəncələrdən danışıb. Qeyd edib ki, Xocalı soyqırımı ona öz faciəsini xatırladır.
Sonda tədbir iştirakçılarına Azərbaycan icmasının hazırladığı ehsan verilib, Cavad Əlfətləvi və Daf Afşin Mahmudi mərsiyə oxuyublar.


Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Xocalı faciəsi 2019-03-03 15:26:00