×
A
A
A
Sazlamalar

Azərbaycan əhalinin sosial məsələlərinin həllində bütün dünyaya öz liderliyini nümayiş etdirir

Bakı, 2 mart, AZƏRTAC

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı, ilk növbədə, dövlətimizin başçısı tərəfindən davam etdirilən sosial inqilabın mühüm tərkib hissələrindəndir. Problemli kreditlər vətəndaşları narahat edən ən ciddi məsələlərdən idi. Qlobal iqtisadi və maliyyə böhranı, bununla əlaqədar enerji resurslarının qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da öz təsirlərini göstərmiş, nəticədə əhalinin müəyyən qrupunun ödəmə qabiliyyəti zəifləmiş, xarici valyutada borc almış vətəndaşların banklar qarşısında öhdəlikləri artmış, bu məsələ ilə bağlı məhkəmə müstəvisində baxılma halları çoxalmışdı. Lakin son dövrdə respublikamızda makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaradıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Zaur Məmmədov bildirib.
Politoloq deyib ki, Azərbaycanda manatın məzənnəsinin devalvasiyasından sonra cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də əhalinin xarici valyutada kreditləri ilə bağlı idi. Problemin optimal həlli yollarını tapmaq, bu məsələnin əhali və dövlət büdcəsi üçün ən əlverişli variantda aradan qaldırılması məqsədilə 2018-ci ildən ictimai müzakirələr təşkil olunmuş, Azərbaycan Prezidentinin tapşırığına əsasən hökumət bu istiqamətdə fəal iş aparmış və təkliflər hazırlamışdır. Paralel olaraq, məsələnin Milli Məclisdə müzakirəsi təşkil edilmiş, müxtəlif təkliflər irəli sürülmüşdür.
Z.Məmmədov qeyd edib ki, problemli kreditlərin həlli Azərbaycan hakimiyyətinin ciddi sosial təşəbbüsüdür və vətəndaşların rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq məqsədi daşıyır. Məlumdur ki, bəzi ölkələrdə də bu kimi təşəbbüslər irəli sürülmüş, lakin son nəticədə onun həlli dövlətin imkanları üçün ciddi problem yaratdığına görə onun həlli ya təxirə salınmış, yaxud da bəlli olmayan müddətə kimi uzadılmışdır. Azərbaycan o dövlətlərdəndir ki, burada bütün məsələlər - problemin ciddiliyi, ağırlıq yükü, onun həllinin büdcəyə, əhalinin rifah halının yüksəlməsinə təsiri, həll üçün maliyyə imkanları, səmərəli tətbiq mexanizminin işlənib hazırlanması, icrası və icraya nəzarət və s. hərtərəfli araşdırıldıqdan sonra müvafiq qərar qəbul olunur.
Birmənalı demək olar ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə, sözün əsl mənasında, inqilabi qərarlardır. Azərbaycan əhalinin sosial məsələlərinin həllində bütün dünyaya öz liderliyini nümayiş etdirdi. Bu Fərman Prezidentimizin devalvasiyadan əziyyət çəkən insanlara misilsiz dəstəyidir. Prezident imkansız vətəndaşları kredit problemindən birdəfəlik xilas etdi. Problemli kreditlər üzrə məhkəmə çəkişmələrinə son qoyuldu. Kreditlə bağlı məhkəmə çəkişmələri vətəndaşların xeyrinə həll olundu. Beləliklə, Prezident vətəndaşla bank arasında etimad mühitini bərpa etdi.

Daxili siyasət 2019-03-02 16:11:00