×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının xatirəsi Türkiyənin Adana şəhərində də ehtiramla yad olunub

Adana, 2 mart, AZƏRTAC

Türkiyənin Adana şəhərində fəaliyyət göstərən otuza yaxın dərnəyin birgə təşəbbüsü ilə Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı konfrans təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konfransda rəsmi şəxslər, bölgədə fəaliyyət göstərən aparıcı QHT-lərin təmsilçiləri, o cümlədən Adananın baş prokuroru Ömer Faruk Yurdagül, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahım, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Adana Böyükşəhər bələdiyyəsinin sədri Hüseyin Sözlü, yerli ictimaiyyətin nüfuzlu şəxsləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Şəhidlərimizin ruhuna dualar oxunub, onların əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahım, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Adana Böyükşəhər bələdiyyəsinin sədri Hüseyin Sözlü, Adana Azərbaycan Kültur və Həmrəylik Dərnəyinin sədri Yaqub Bulud çıxış edərək Xocalı faciəsinin dəhşətlərindən danışıblar. Ermənilərin davamlı olaraq xalqlarımıza qarşı törətdikləri ağır cinayətlərindən bəhs edən çıxışçılar diqqətə çatdırıblar ki, Azərbaycan və Türkiyənin tarixində baş verənləri gənc nəsillərə ortaq qaydada çatdırmaq lazımdır ki, heç bir məsələ, o cümlədən Xocalı soyqırımının acıları unudulmasın.
Sonra professor Aygün Əttarın “Tarixi proseslərdə erməni işğalçılığı və Xocalı soyqırımı” mövzusunda məruzəsi dinlənilib. Ermənilərin tarixin bütün dövrlərində öz məqsədlərinə çatmaq üçün xəyanət yolundan bəhrələndiklərini diqqətə çatdıran professor vurğulayıb ki, bu toplumun qarşısında gedənlər hər məqamda cinayəti fəaliyyət istiqaməti kimi təbliğ ediblər. XX əsrin əvvəlində olduğu kimi ötən əsrin sonunda da ermənilərin Azərbaycana qarşı əsasız iddiaları iki xalq arasında düşmənçilik yaradıb. Xocalı soyqırımı məhz bu düşmənçiliyin nəticəsi olaraq bəşər tarixinə soyqırımı aktı kimi düşüb.
Konfrans çərçivəsində Xocalı soyqırımının dəhşətlərini göstərən film nümayiş olunub.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Adana

Xocalı faciəsi 2019-03-02 11:34:00