×
A
A
A
Sazlamalar

Macarıstanın Peç şəhərində Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib

Budapeşt, 1 mart, AZƏRTAC. 

Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə ölkəmizin Macarıstandakı səfirliyi tərəfindən silsilə tədbirlər çərçivəsində bu ölkənin Peç şəhərində dinc aksiya təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Peç şəhərinin mərkəzi sayılan Seçeni meydanında keçirilən aksiyaya 40-dək azərbaycanlı tələbə ilə yanaşı, Türkiyə, Yəmən, Pakistandan olan tələbələr də qatılıblar.
Meydanda Macarıstandakı səfirliyimiz tərəfindən nəşr edilmiş, xüsusilə Dağlıq Qarabağ, Xocalı soyqırımı - erməni təcavüzünə aid kitab və broşürlər yerli sakinlərə və turistlərə paylanılıb, habelə Xocalı qurbanlarının şəkillərindən ibarət stend qurulub. Həmçinin tələbələr tərəfindən şam və qərənfillərdən istifadə edilməklə, asfalt üzərində “Justice for Khojaly” (“Xocalıya ədalət!”) sözü yazılıb.
Aksiya “Justice for Khojaly” şüarının ucadan səsləndirilməsi və Azərbaycan himninin oxunması ilə bitib.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Xocalı faciəsi 2019-03-01 21:45:00