×
A
A
A
Sazlamalar

Xəzər rayonunun qəsəbə və yaşayış məntəqələrinin yollarında təmir-tikinti işləri görülür

Bakı, 1 mart, AZƏRTAC

Xəzər rayonunun qəsəbə və yaşayış məntəqələrinin yollarında təmir-tikinti işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, rayonun Binə, Mərdəkan, Buzovna və Şüvəlan qəsəbələrində, həmçinin Qoşa qışlaq, Binə Südçülük sovxozu, “Binə aqrokompleksi”, Badam bağları, Hövsan Südçülük sovxozu yaşayış massivlərində 40 kilometrdən çox yolda təmir-tikinti işləri görülür. Yollar boyu yararsız qrunt qazılaraq çıxarılır, əks-dolğu aparılaraq yeni yol yatağı salınır, daha sonra yeni yol əsası inşa edilir və asfaltlanma işləri görülür.
Binə qəsəbəsində hazırda ümumi sahəsi 160 min kvadratmetrdən çox olan küçə və yollarda bu cür işlər aparılır və ya aparılmasına yaxın günlərdə start veriləcək. Belə ki, ümumi uzunluğu 10,5 kilometr olan və Mərdəkan şosesindən ayrılan Badam bağları yaşayış massivinə gedən yol, həmçinin qəsəbədaxili 1 küçə, bundan başqa uzunluqları 2 kilometrə yaxın olan Nəsimi və Sabir küçələri yenidən qurulur.
Yaxın günlərdə isə analoji işlərin uzunluqları 9 kilometrdən çox olan Binə Südçülük sovxozu və “Binə aqrokompleksi” yaşayış massivləri yollarında, həmçinin Hövsan südçülük yaşayış massivinin 2,5 kilometr uzunluğu olan 161 nömrəli küçədə aparılması nəzərdə tutulub. Küçə və yollar 2 hərəkət zolaqlı olmaqla enləri 6-7 metr təşkil edir.
Mərdəkan qəsəbəsində təmir-tikinti işləri hazırda 3 küçədə - 1360 metrlik Dəmiryolçular, 2435 metrlik Qılman İlkin və 1700 metr uzunluğunda olan Baba Əliyev küçələrində aparılır. Burada yol yatağı profilə salınır, yol əsası tikilir və yeni asfalt-beton örtüyü döşənir. Daha 5 küçədə - “28 May” küçəsinin 300 metrlik 2-ci döngəsində, 600 metrlik Ziya Bünyadov, 320 metrlik Yesenin, 270 metrlik Qurban İsmayılov və 750 metr uzunluğa malik Pioner küçələrində təmir işləri isə artıq bitib. Küçələrin eni 5-10 metr arası dəyişir, işlərin aparıldığı sahə50 min kvadratmetrdən çoxdur.
Şüvəlan qəsəbəsinin 1540 metr uzunluğu və 9,5 metr eni olan Almaz İldırım və uzunluğu 700 metr, eni isə 5,5 metr olan Bağ küçələrində də təmir-tikinti işləri bitib, Qoşa qışlaq yaşayış massivinin 1,5 kilometr uzunluğunda olan yollarında isə davam edir.
Buzovna qəsəbəsində aparılan təmir-tikinti işləri isə 3 küçəni əhatə edir. Bu uzunluqları 1,6 kilometr olan Natəvan, 1 kilometr olan Allahverdi Əfəndiyev və 1,6 kilometr olan Ayna Sultanova küçələridir. Küçələrin enləri 5-6 metr arası dəyişir. Burda yollar profilə salınır, yol əsası işlənilir və asfaltlanma işləri görülür.
Təmir-tikinti işləri ilkin mərhələdə sözügedən ərazilərdə aparılır. İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq həmin qəsəbələr üzrə digər küçə və daxili yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur.

Tikinti̇ 2019-03-01 17:11:00