×
A
A
A
Sazlamalar

Fransanın Konyak şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO

Konyak, 1 mart, AZƏRTAC

Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Azərbaycanın Fransadakı səfirliyinin, bu ölkənin Konyak şəhər meriyasının və Azərbaycanın Dostları Assosiasiyasının birgə təşkilatçılığı ilə anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Konyak şəhərinin meri Mişel Qurənşa tədbirdə çıxış edərək Azərbaycan haqqında məlumat verib. O, Tovuz və Konyak şəhərlərinin qardaşlaşdığını xatırladıb, iki şəhər arasındakı əlaqələrə böyük önəm verdiklərini vurğulayıb. Qardaşlaşma çərçivəsində həyata keçirilən layihələrdən, eləcə də meriyanın parkında Heydər Əliyev Fondunun dəstəyi ilə görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin abidəsinin ucaldılmasından söz açılıb.
Səfirliyin siyasi işlər üzrə müşaviri Vaqif Ağayev, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel çıxışlarında XX əsrin ən qanlı soyqırımlarından olan Xocalı faciəsi haqqında məlumat veriblər.
V.Ağayev bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonu hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı doğma yurdundan didərgin salınıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc əhalisi Ermənistan silahlı qüvvələri tərəfindən amansızlıqla qətlə yetirilib. Xocalı iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Xocalı soyqırımının ildönümü ilə əlaqədar hər il Azərbaycanda və dünyanın müxtəlif ölkələrində çoxsaylı anım tədbirləri keçirilir.
O, Xocalı soyqırımının bir çox ölkələrin parlamentləri tərəfindən kütləvi qırğın, bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirildiyini xatırladıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılmasında böyük xidmətləri olub. V.Ağayev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun bu istiqamətdə fəaliyyətindən, eləcə də Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” beynəlxalq təbliğat kampaniyasının önəmindən danışıb. Bildirib ki, Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir və bu cinayəti törədənlər cəzalandırılmalıdırlar.
Azərbaycan ilə sıx əlaqələri olan bəstəkar Pyer Tilua Xocalı qətliamına həsr etdiyi “Xocalı 613” musiqi əsərinin ərsəyə gəlməsindən söz açıb, bu əsər haqqında məlumat verib.
Sonra Xocalı qətliamı qurbanlarının xatirəsinə həsr edilmiş konsert olub. Konsertdə Frans Şubertin, Moris Ravelin, Enrike Qranadosun bəstələri, eləcə də “Xocalı 613” əsəri səsləndirilib.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Konyak 

Xocalı faciəsi 2019-03-01 09:30:00

Video